BRICS: Pakistan, Rusiya və Çin arasında münasibətlər...

İslamabad 2024-cü ildə BRICS-ə qoşulmaq üçün müraciət edib.
Bu barədə Pakistanın Rusiyadakı yeni səfiri Məhəmməd Xalid Camali bəyan edib.
“Biz artıq ərizə təqdim etmişik. Pakistanın üzvlüyünü dəstəkləmək üçün üzv ölkələrlə əlaqə saxlayırıq və Rusiyanın köməyinə ümid edirik”, - deyə diplomatik missiyanın rəhbəri bildirib.
Qeyd edək ki, dövlətlərarası assosiasiya BRICS beş dövlətin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın) birliyidir. 2024-cü il yanvarın 1-dən Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya da təşkilata üzvlüyə dəvət olunub.

Pakistanın BRICS-ə üzv olmaq istəyini "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev bildirib ki, bu mümkün ehtimallardan biridir:
"Çünki Şanxay Əməkdaşlıq Təşkilatını Rusiya BRICS-in hərbi siyasi qanadı kimi qurmağı düşünür. Artıq Şanxay Əməkdaşlıq Təşkilatında Hindistan və Pakistan müşahidəçi üzv kimi qəbul edilib. Daha sonra həmin ölkələrə daimi üzvlük təklif olundu. Burada Pakistan Hindistanın etirazı ilə üzləşə bilər. Aydın məsələdir ki, Hindistan Pakistan dövləti ilə rəqibdir. BRICS Rusiya,Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın qoyduğu bir birlikdir. Ona görə də Hindistan buradakı çəkisini itirməyəcək. Digər tərəfdən isə Hindistanın son zamanlar Rusiyadan  uzaqlaşaraq Qərb ilə yaxınlaşmasını görürük. Eyni zamanda Çin ilə ziddiyyətləri artıb. Bunların hamısı Hindistan üçün həmin qurumun əhəmiyyətini itirmə ehtimallarını artırır. Bu isə Pakistanın rahat şəkildə quruma daxil olmasına yaşıl işıq yandıracaq. Belə olan halda Pakistan, Rusiya və Çin arasında münasibətlər inkişaf edəcək".

Analitik onu da söyləyib ki, eyni zamanda Hindistan BRICS təşkilatında fəaliyyətini zəiflədə və yaxud gələcəkdə qurumu  tərk edə bilər:
" Amma Hindistan BRICS-ə həqiqətən də ciddi şəkildə önəm verirsə, o zaman faktiki olaraq düşmən mövqeyində yanaşdığı Pakistanı həmin təşkilatda istəməyəcək. Cənubi Afrika, Braziliya bu məsələdə neytral davranacaq. Çünki Pakistanın təşkilata üzv olması onlar üçün problem deyil. Çin və Pakistan arasında iqtisadi, hərbi, siyasi əlaqələr çox yaxındır. Ona görə də Çin bu məsələni dəstəkləyəcək. Çin ərazisindən birbaşa Pakistana gedən Çin-Pakistan İqtisadi Koridoru mövcuddur. Çox guman ki, Şimal qonşumuz da Pakistanın BRICS-ə qatılmasına isti yanaşacaq. Çünki son vaxtlar Rusiya Pakistan ilə əməkdaşlığı inkişaf etdirib. Rusiya Hindistanın Qərbə getməyinə qarşı balans yaratmaq üçün Pakistan ilə əlaqələri möhkəmləndirir".