Türkiyə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin gələn həftə keçiriləcək iclasına qədər İsveçin Alyansa üzvlük ərizəsini ratifikasiya etməyəcək.
Bu barədə “Reuters“ agentliyi mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, Türkiyə hökuməti bu barədə NATO-nu məlumatlandırıb. Alyansın XİN rəhbərlərinin görüşü 28-29 noyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, keçən həftə Türkiyə parlamentinin xarici əlaqələr komissiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsverməni bu mövzuda əlavə danışıqlar aparmaq üçün təxirə salıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan türk siyasətçi və yazar Aydın Sezer bildirib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin gündəmə gətirdiyi iddialar terror təşkilatı üzvlərinin Türkiyəyə iadəsini dayandırmaq və İsveçin terror təşkilatını dəstəkləməsini kəsmək ilə əlaqəlidir:
"Türkiyə bu məsələ ilə əlaqəli tələblərini əvvəlcədən açıq şəkildə bildirmişdi. Həmin zaman çərçivəsində Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədik. Amma hələki İsveç üvz ola bilmədi. Türkiyə isə həm NATO, həm də ABŞ ilə münasibətlərində İsveçin oraya üzv olma məsələsini bir müzakirə başlığı olaraq dəyərləndirməyə başladı. Yəni Amerikanın Suriyanın şərqində PKK ilə iş birliyini və Qəzzadakı qarşıdurmalarda İsrailə dəstəyini nəzərə alaraq bu məsələni Ankara-Vaşinqton əlaqələrinin gündəm mövzusu etdi. Ancaq Rəcəb Tayyib Ərdoğan son NATO zirvəsində İsveçin üzvlüyü ilə bağlı mövzunu Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərməyə söz verdi. Ərdoğan sözü yerinə yetirdi və keçən ay qanun layihəsi TBMM-yə gəldi. Ötən həftə isə Məclisdəki xarici əlaqələr komissiyası bu məsələni müzakirə etməyə başladı. Amma AKP-nin iki millət vəkilinin verdiyi təklif ilə bu müzakirələri təxirə saldılar. Hazırda görüşmələrin nə vaxt baş tutacağı bəlli deyil. Türkiyə qanunlarına görə komissiyada olan bir təklif müzakirə olunandan sonra 45 gün keçməlidir. Dolayısı ilə indi 45 günlük vaxt dolmayıb. Türkiyə isə bu vaxtı sonuna qədər istifadə etmək istəyir. Amma təsdiq önümüzdəki həftə olan NATO Xarici İşlər Nazirliyi toplantısına çatmayacaq. Yəni Türkiyə rəsmi olaraq bunun qarşıdakı həftədə baş tutmayacağını bildirmək istədi. Əgər Rəcəb Tayyib Ərdoğan və Ak Parti İsveçin NATO-ya üzvlüyünü istəməsə, bu təsdiq işi reallaşmayacaq. Bu isə Türkiyənin Amerika Birləşmiş Ştatları ilə münasibətlərində ən həssas mövzudur. Türkiyə isə mümkün olduğu qədər təsdiq vaxtını gecikdirməyə çalışır".