Blinken İsrailə və Fələstinə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken İsrailə və Fələstinə səfər edəcək.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Bildirilib ki, ABŞ dövlət katibi dekabrın 2-nə qədər İsrailə, Fələstinə (red-İordan çayının qərb sahili) və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
"İsraildə və İordan çayının qərb sahilində dövlət katibi Blinken İsrailin beynəlxalq humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu, eləcə də qalan girovların azad edilməsi, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar zamanı mülki insanların həyatını qorumaq və mülki şəxslərə humanitar yardımı sürətləndirmək üçün davam etdirilən səyləri müzakirə edəcək. O, həmçinin gələcək Fələstin dövlətinin yaradılması üçün real addımları və münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyi barədə danışıqlar aparacaq.

Dövlət katibi Blinken BMT-nin İqlim Konfransında, COP28-də iştirak etmək üçün Dubaya gedəcək və burada iqlim böhranının həlli üçün qlobal fəaliyyətin davam etdirilməsinin zəruriliyi ilə bağlı liderlərlə fikir mübadiləsi aparacaq. Dövlət katibi həmçinin regional məsələlər, o cümlədən İsrail və HAMAS arasındakı münaqişə ilə bağlı həmkarları ilə danışıqlar aparacaq", Dövlət Departamentinin məlumatında qeyd olunub.