Məşhur modellərin atası acı taleyindən danışıb

“Bizi qapının önünə qoydular”

  Dünyada tanınan fələstin əsilli məşhur modellər Cici və Bella Hadidin atası Mohammed Hadid anasıyla birlikdə keçirdiyi ağır günlər barədə danışıb. “Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, M.Hadid “yəhudilər tərəfindən evimizdən qovulduqda 9 günlük körpə olmuşam. Anamı qucağında körpəsi qapının önünə qoyublar”, deyib. M.Hadid hazırda Qəzzada yaşananları televizorda izləyərkən anasının 75 il əvvəl yaşadıqlarını xəyalən göz önünə gətirdiyini söyləyib: “Mən 9 günlük körpə olmuşam. 2 il əvvəl doğum üçün atasının yanına Nasiraya gedən anam mən doğulduqdan sonra 2 yaşlı bacımla Safeddəki evimizə gəlib. Görüb ki, Safed oradakı yəhudilər tərəfindən ələ keçirilib. Bizi də evə buraxmayıblar. Qapının önünə qoyublar ki, burada eviniz yoxdur. Halbuki anam həmin ailə İkinci Dünya müharibəsi zamanı Avropadan köç etmiş köçkün yəhudi ailəsi idi, anam onlara evinin qapısını açmışdı, onları evində müsafir etmişdi. Onlar evimizi ələ keçirdilər, biz evimizə qayıdanda həmin ailə bizi qovdu”. M.Hadid bildirib ki, 1946-cı ildə Avropadan köç edən yəhudi ailələrinə fələstinlilər yaşamaq üçün yer verib, lakin yəhudilər fələstinlilərin evlərinə sahiblənib. M.Hadid “anam uşaqlar soyuqda üşüməsin deyə, öz evimizdən isti örtük götürmək istəyib, onu da verməyiblər. Ailə albomunu da bizə qaytarmayıblar. Mən körpə olmuşam, təbii ki, heç nə xatırlamıram. Amma anam bunları mənə danışıb. Qaçqın düşərgəsinə necə gəlib çıxdığını, bizi orada necə qoruduğunu ürək ağrısıyla dinləmişəm”, deyib. M.Hadid övladlarına Fələstini dəstəklədikləri üçün ölüm mesajları göndərildiyini də xatırladıb. “Antisemitizmin kökü Avropadır. Bu, Qərbi, Şərqi Avropada yaşanıb, bizim bölgənin insanlarına qarşı. Amma biz irqçi deyilik. Çünki Sami irqinə mənsubuq. Həzrəti İsanın doğulduğu torpaqlara məxsusuq. Heç kim doğulduğu torpaqdan qovulmamalı, ayrı salınmamalıdır. Doğulduğu torpaqda dəfn olunmaq hər kəsin haqqıdır”.