Körpə göz önündə əriyir: Valideynləri dərmanlara baxa-baxa qalıb

  Malatyanın Doğanşəhər əyalətinin Kurucuova kəndində 2022-ci ilin 27 aprelində dünyaya gələn qızcığaza SMA xəstəliyi diaqnozu qoyulub. Körpə Berfin Adanın  atası Cem Fırat, anası Helin Fırat övladlarını xəstəliyin cəngindən qurtarmaq üçün çalışıblar, lakin 6 fevral zəlzələsi ailənin ümidlərini bir daha qırıb. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, yaşanan fəlakətdə ailə bütün ev əşyaları ilə birlikdə qızlarının müalicəsi üçün içinə pul topladıqları sandıqçanı, qohumlarını, bu işdə onlara yardım edən könüllüləri də itiriblər. Zəlzələdən sonra ailə İzmirin Karabağlar bölgəsində məskunlaşıb. Körpənin anası Helin Fırat deyib ki, hamiləliyi normal keçib, heç bir anormallıq aşkarlanmayıb. Körpə dünyaya gəldikdn sonra da onun SMA xəstəsi olması bilinməyib. Yalnız 4 ayından sonra körpənin əllərini, qollarını tərpətmədiyini müşahidə ediblər. Həkimə getdikdə, aparılan müayinələr zamanı körpənin xəstəliyi məlum olub. 6 fevral zəlzələsi də ailəyə ikiqat fəlakət gətirib. Körpələrini həyata bağlamaq üçün çırpınıblar. “Zəlzələ baş verən gecə kəndə qar yağmışdı, fırtına başlamışdı. Zənn  etdik ki, yerin tərpənməsi az sonra dayanar. Berfini qucağımıza alıb çarpayısının yanında dayandıq. Ev titrəyirdi, əşyalar ora-bura hərəkət edirdi. Qorxduq, atası Berfini qucağına alıb bayıra çıxdı. 2 gecə yük maşınının içində qaldıq. Berfinin nəfəs aparatına ehtiyacı vardı. Aparatımız olsa da istifadə edə bilmədik. Zorla çörək, pendir tapdıq, mən qızıma çörəyi özüm çeynəyərək yedirdim. Ertəsi gün bizə süd gətirdilər. Sonra Malatya hava limanına gəldik, qızımızın xəstə olduğunu söyləyib bizim ilk sıralarda təyyarəyə minməyimizi xahiş etdik. Təyyarə ilə İzmirə gəldik və indi burada yeləşmişik. Malatya valiliyi zəlzələdən öncə körpəmizin müalicəsi üçün ianə kampaniyası başlatmışdı. Kampaniya yarımçıq qaldı. Burada isə kimsəni tanımırıq” söyləyən Helin Fırat artıq çox yorulduqlarını deyib. Malatyada olarkən körpənin müalicəsi davam edib. Müalicə sayəsində əllərini, qollarını tərpətməyə başlayıbmış. Sonra isə müalicə dayandığından vəziyyəti yenə ağırlaşmağa başlayıb. Valideynləri körpə qızlarının sümüklərinin,  əzələlərinin gündən-günə necə əridiyini çarəsizcə izləyir. Ürək, mədə, ağ ciyər əzələləri işləmir artıq. Hər saatdan bir körpənin nəfəs alıb-almadığını yoxlayır, süni nəfəs verir, əzələləri ovxalayırlar ki, fəaliyyətdən qalmasınlar. “Belə qorxu altında yaşayırıq”, söyləyən H.Fırat körpənin müalicəsi üçün lazım olan dərmanların reseptlərinə baxa-baxa qaldıqlarını, onları almaq üçün pulları olmadığını dilə gətirib.