Bu evin sirri 46 ildir çözülmür

Onların başına gələnlər qorxu filmlərinin mövzusuna çevrildi

  İngiltərənin paytaxtı Londonun şimalında yerləşən Enfield qəsəbəsində yaşayan Hodqson ailəsinin başına gələn qəribə hadisələr hər kəsi heyrətləndirib. Qəribəliklərin başlanma tarixi 1977-ci ilə uzanır. Lakin 46 ildir bu evin sirri, orada baş vermiş hadisələrin əsl səbəbi çözülməyib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 47 yaşlı Peqqi Hodqson həyat yoldaşından ayrıldıqdan sonra övladları Marqaret, Janet, Conni və Bill ilə birlikdə yaşayıb. Uşaqların böyüyünün 12, kiçiyinin 7 yaşı olub. 1977-ci il avqustun 30-da yaşanan hadisə isə indiyədək sirrini saxlamaqdadır. 

 Həmin gün baş vermiş hadisə qorxu flmlərini xatırladır. Həmin gecə ana adəti üzrə uşaqları yatmağa göndərib. Uşaqlar yataq otaqlaırna çəkildikdən sonra Peqqi Hodqson da aşağı mərtəbəyə enərək mətbəxdə qabları yumağa başlayıb. Bir müddət sonra yuxarı mərtəbədən Janetin qışqırıq səsləri eşidilib. Ana tələsik yuxarı mərtəbəyə qaçıb və qızını dəhşət içində görüb. Janet anasına “çarpayım tərpənir”, deyib. Anası qızını sakitləşdirib və yenə aşağı mərtəbəyə enib. Növbəti gecə yenə qəribə olay yaşanıb. Üst mərtəbədən səslər gəldiyini duyan qadın yuxarı çıxıb, bu dəfə uşaqların otağında paltar dolabının tərpəndiyini görüb. Sanki paltar dolabını kimsə ciddi-cəhdlə itələyirdi. 

Çarpayı olayını da yada salan qadın artıq narahat olmağa başlayıb. Bu hadisələr illər sonra sənədli filmdə əksini tapdı. Evlərində baş verən qəribəliklər haqqında Janet Hodqson danışırdı: “Hər şey arxa yataq otağında başladı. Paltar dolabı hərəkət edirdi, çarpayımız tərpənirdi, ayaq səsləri eşidirdik. Anama bunları dedikdə, o, otağımıza gəldi və baş verənləri öz gözləriylə gördü”. Ailənin böyük qızı Marqaret yaşananlardan güclü qorxu hissi keçirdiyini illər sonra belə anladıb: “Evdə qəribə səslər eşidirdik. Anlamırdıq. Heç birimiz yuxuya gedə bilmirdik. Qorxu içində idik, geyinib otaqdan çıxdıq. Qonşulardan yardım istədik. İnşaat işçisi olan qonşumuz Vic, evimizə gəldi və o da bizim gördüklərimizi görüb heyrətə gəldi”. Ailə bu haqda polisə məlumat verib. Polislər evə gəlib, ətrafı müşahidə edib və onlar da bu hadisələrdən heyrətə gələrək çarəsiz qalıblar.

 Ev əşyalarının tərpəndiyini görən polis əməkdaşları hər hansı bir ip, bağlantı axtarıb, lakin heç nə tapmayıblar. Polislər bu hadisənin qeyri-adi, qəribə olduğunu söyləyərək çıxıb gediblər. Bu evə ziyarətçilər, qəzet müxbirləri gəlməyə başlayıb, şəkillər çəkərək yayımlayıblar. Bu ev təkcə İngiltərədə deyil, dünyada tanınmağa başlayıb. Qəsəbəni ziyarət edən “Daily Mirror” qəzetinin fotomüxbiri Graham Morris, evdə yaşanan olayları “xaos vardı, hər şey ortalıqda uçuşurdu, insanlar çığırırdı” şəklində anladıb. Şahidlər ailənin kiçik qızı Janetin bilinməyən bir güc tərəfindən qaldırılaraq fırladıldığını söyləyib. Janet isə gah özünü ölü hesab edir, gah da qəribə sözlər danışırdı. İş o yerə çatıb ki, şahidlər, qonşular bu evdə əvvəllər yaşamış şəxsin ruhunun balaca Janetin bədəninə daxil olduğunu söyləyərək buna inanmağa başlayıblar. Ailə Psixi Araşdırmalar Dərnəyindən yardım istəyib. Dərnək üzvləri bunun rahatsızlıq verən ruh hadisəsi olduğunu düşünüb və ailəni “Bu evdə ruhlar yaşayır” kitabının müəllifləri Maurisi Qross və Guy Lyon Playfairinin yanına getməyi məsləhət görüblər. Bu şəxslər paranormal hallarla bağlı tədqiqatlar aparmaqları ilə tanınıb. Yazarlar da evə gəlib və burada qeyri-adi hadisələrin yaşandığına şahid olublar. Baş verən hadisələr məktəbdə də uşaqların vəziyyətini ağırlaşdırıb. Sinif yoldaşları onlara “ruh uşaqlar” deyərək lağlağı ediblər. Hətta “şeytan onları ələ keçirib” deyərək uşaqlardan uzaq dayanıblar. Üzərindən bir neçə il keçdikdən sonra isə ailə üzvlərinin bəzi hadisələri özlərindən uydurduğu məlum olub. Bu ev və orada baş verənlər bir çox filmlərin ssenarisini təşkil edib.