Skuter faciəsi: Uşaq maşının altında qaldı

  İstanbulun Kağıthanə Seyrantəpə məhəlləsində evlərinin önündə skuter sürən uşaq qarşıdan gələn avtomobilin altında qalıb.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Evlərinin önündəki küçə ilə skuterdə üzüaşağı hərəkət edən uşağın ayağı sürüşüb və o, müvazinətini itirərək qarşıdan gələn avtomobilin altına yıxılıb. Avtomobilin sürücüsü, 84 yaşlı Yılmaz Salter qəfil qəzadan yan keçə bilməyib. Verilən məlumata görə, maşının altında qalan 6 yaşlı Ahir Hasan bir neçə metr sürüklənib və ağır yaralanıb. Hadisə yerinə təcili yardım, xilasetmə heyəti və polis əməkdaşları cəlb edilib. Uşaq xəstəxanaya aparılıb. Xəstəxanada aparılan müayinələr nəticəsində uşağın bədənində bir neçə yerdə sümüklərin sındığı müəyyən edilib. Uşaq əməliyyata alınıb. Onun hələ ki bədənini hərəkət etdirə bilmədiyi deyilir. Sürücü polis tərəfindən saxlanılıb və şöbəyə aparılıb. İlkin ifadəsi alınıb və sərbəst buraxılıb. Hadisə ilə bağlı təhqiqat davam edir. Polis şöbəsi əməkdaşları isə bu cür hadisələrin tez-tez baş verdiyini, skuterlərin xüsusilə uşaqların həyatına təhlükə olduğunu bildiriblər.