Qadınlara səfərbər edilir: Ukrayna Avropanın diqqətini çəkmək istəyir?

Ukrayna Ali Radasında səfərbərliklə bağlı yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından deputatı, Milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Mariyana Bezuqla bildirib.
Qanun layihəsində müharibə şəraitində ordunun güclənməsi ilə bağlı bir sıra yeniliklərin olduğunu deyən M.Bezuqla qeyd edib ki, yeni layihə döyüşlərə səfərbərlik yaşını 27-dən 25-ə endirir, eyni zamanda qadınlar üçün də hərbi mükəlləfiyyət müəyyənləşdirir. “Yeni layihədə qadınlar Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada hərbi qeydiyyata düşürlər, ilkin hərbi hazırlığa cəlb edilir və hərbi əməliyyatlar üçün nəzərdə tutulurlar”, - deyə deputat əlavə edib.
O, həmçinin bildirib ki, yeni qanun layihəsində uzun müddət döyüşənlər üçün də fasilə müddəti nəzərdə tutulub.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, sözügedən qanun layihəsi müharibənin ikinci  ilinin başlanğıcında da gündəmdə idi:

“Çünki Rusiya Ukrayna müharibəsində rəsmi Kiyev kifayət qədər itkilərə məruz qalıb. Hazırda bu itkilərin kompensasiya edilməsinə çalışır. Digər tərəfdən qeyd etmək lazımdır ki, Ukrayna dünyada ən çox demoqrafik problemlə üzləşən ölkələrdəndir. Ukrayna Rusiya müharibəsi bu problemi daha da çətinləşdirdi. Ona görədə qadınların müharibəyə cəlb edilməsi hardasa başa düşüləndir. Bundan əlavə ikinci bir məsələnidə nəzərə almaq lazımdır ki, qadınların müharibəyə cəlb edilməsi kimi xəbər Qərbdə  ciddi qarşılana bilər. Qərb hazırda gender bərabərliyi mövzusuna həssas yanaşır. Ukrayna belə xəbərlərlə diqqəti yenidən sözügedən münaqişəyə çəkməyə çalışır. Çünki hazırda Avropanın Ukrayna Rusiya müharibəsinə qarşı mövqeyi birmənalı deyil. Xüsusilə Ukraynaya edilən yardımların nəticəsiz olduğunu görən bəzi Avropa ölkələri yardımların ayrılmaması daxilində çağırışlar edir. Belə olan təqdirdə verilən qərar iki məqsəd daşıyır. Birincisi Avropanın diqqətini çəkmək, ikincisi əlavə qüvvələr cəlb edərək müqaviməti gücləndirməkdir”.