Öncə Şahzadə Keyt, indi Kral Çarlz... Kral ailəsində sağlamlıq problemləri yaşanır

Uels şahzadəsi Keytin əməliyyatından sonra İngiltərə kralı III Çarlzın da prostat vəzindən əməliyyat olunacağı açıqlanıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt bir müddət əvvəl keçirdiyi əməliyyatla gündəmə gəlib. Kensinqton Sarayından verilən açıqlamada Şahzadənin əməliyyat olunduğu və təxminən 2 həftə xəstəxanada qalacağı bildirilib.

 
42 yaşlı Şahzadənin keçirdiyi əməliyyata görə tədbirlərə qatıla və səyahət edə bilməyəcəyi paylaşılıb.
 
Əməliyyatın təfərrüatları açıqlanmasa da, bunun planlı əməliyyat olduğu və qarın nahiyəsi ilə əlaqəli olduğu bildirilib.
 
2022-ci il sentyabrın 8-də anası Kraliça Elizabetin ölümündən sonra taxta çıxan və mayın 6-da Vestminster Abbeyində keçirilən mərasimdə tac taxan Kral Çarlzın da əməliyyat olunacağı açıqlanıb.
 
BBC news xəbər verir ki, kral Çarlzın prostat vəzinin böyüməsi səbəbindən bıçaq altına girəcəyi bildirilib. 75 yaşlı Kralın əməliyyatı səbəbindən bəzi tədbirlər təxirə salınıb.
 
İki kral üzvünün sağlamlıq vəziyyəti ilə bağlı inkişafın eyni gündə paylaşılması qeyri-adi hesab edilir, lakin tədbirlər ləğv edilməli olduğu üçün bu elanlar zəruri idi.
 
Digər tərəfdən, Kral Çarlzın oxşar simptomları müşahidə edən kişiləri təşviq etmək üçün diaqnozunu bölüşmək istədiyi məlumdur.