Ermənistan müdafiə nazir Suren Papikyan bu gün Qazaxıstana gedib.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Papikyan Astanaya qazaxıstanlı həmkarı Ruslan Jaksilikovun dəvəti ilə gedib.
Erməni nazirin səfərinin təfərrüatı barədə məlumat verilməyib.
Hadisəyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, Ermənistan bu gün Mərkəzi Asiya ölkələri ilə bütün koordinat və kontaktlarının itdiyinin fərqindədir:
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlarda həmin ölkələrlə əməkdaşlıq etsə də, bu gün Ermənistanın Mərkəzi Asiya dövlətlərilə əlaqələri zədələnib. Bu baxımdan iki ölkə arasındakı münasibətlərin gərginləşməməyi fonunda görüş baş tuta bilər. Eyni zamanda Ermənistan KTMT-ə qarşı mövqeyinin Qazaxıstana qarşı olmadığını göstərməyə çalışır. Buna görə də müdafiə nazirini Qazaxıstana göndərir. Ermənistan bir növ növbəti dəfə mesaj vermiş olur ki, onun KTMT-ə qarşı çıxmağının əsas məğzində Rusiya faktoru dayanır. Yəni, guya Ermənistan bütövlükdə Rusiyanın müttəfiqi olan digər ölkələrlə əlaqələri korlamaq istəmir. Səfər çərçivəsində müəyyən hərbi məsələlər ilə bağlı müzakirələr aparıla bilər. Amma Qazaxıstan-Azərbaycan münasibətlərinin bu qədər inkişaf etdiyi bir dövrdə Qazaxıstanın Ermənistanla hansısa hərbi təlimlər aparacağını və yaxud müdafiə sanayesi sahəsində ortaq addımlar atacağını düşünmək doğru deyil".