Ukrayna ciddi müdafiə xətti qurur və Slovakiya bu işdə köməklik göstərəcək.
Bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Robert Fitso ilə Ujqorodda keçirdiyi brifinqdə deyib.
Şmıqalın sözlərinə görə, tikilməkdə olan üç səviyyəli müdafiə xətti bütün istiqamətlərdə mühafizəni təmin edəcək.
Plana görə, yeni müdafiə xətti Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmalıdır.
Baş nazir əlavə edib ki, Slovakiyanın özəl şirkəti bu məsələ ilə bağlı texnika təminatında Ukraynaya ciddi yardım edəcək.
Qeyd edək ki, bundan öncə Slovakiya Baş naziri R.Fitso ölkəsinin Ukraynaya yardımının humanitar vasitələrlə məhdudlaşacağını söyləmişdi.
Denisin fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a söyləyib ki, Slovakiyanın Rusiya yönümlü mövqeyi ilə fərqlənən baş naziri Robert Fikonun bu açıqlamaları onun bugünə qədərki çıxışları və Ukraynanı ittiham edən bəyanatları ilə ziddiyyət təşkil edir:
"Hətta bir neçə gün əvvəl o açıq şəkildə Ukraynanın suverenliyini sual altında qoyaraq onun Rusiyaya ərazi güzəşti etməli olduğunu bildirmiş və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməməklə yanaşı bu addımın üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini bəyan etmişdi. Ona görə də, Fikonun Ukrayna səfəri zamanı verdiyi dəstək bəyanatları şübhə yaradan bir çox məqamları da özündə ehtiva edir. Çünki bir neçə gün ərzində kifayət qədər ciddi məsələdə bir-birinə zidd iki fərqli bəyanatla çıxış edən slovak baş nazirin bu mövqeyinə təsir edə biləcək amillərin araşdırılması maraq yaradan önəmli məqamlardan biridir. Digər tərəfdən isə Ukraynaya yardımların ciddi ölçüdə azaldığı bir mərhələdə Slovakiyanın belə addım atması prosesin ümumi gedişatına təsir edə bilərmi? Təbii ki, bu sualların bir çox ehtimallar əsasında cavablandırılması mümkündür. Amma düşünürəm ki, Ukraynanı ABŞ-ın diktəsilə hərəkət etməkdə ittiham edən və onun NATO-ya üzvlüyü məsələsini “blok” etməklə təhdid edən Slovakiyanın baş nazirinin son dəstək bəyanatlarında Şimali Atlantika Alyansının aparıcı üzvü olan Amerikanın dəsti-xətti diqqətdən yayınmamalıdır. Belə olan halda onun Ukraynaya “dəstək” bəyanatlarının arxasında dayanan səbəblər bu çıxışlardakı səmimiyyəti kölgə altında qoyaraq verilən vədlərin reallaşması ehtimallarını azaldır".