Türkiyədə uşaqların sosial şəbəkələrdə qorunmasına yönələn yeni qaydalar təsdiqlənib.
Sherg.az xəbər verir ki, "Rəsmi Qəzet"də dərc olunan “Sosial şəbəkə təminatçıları tərəfindən uşaqlara uyğun fərqləndirilmiş xidmətlərin göstərilməsi və yaşın təsdiqlənməsi haqqında Əsasnamə” 1 noyabr 2026-cı ildən qüvvəyə minəcək.
Sənədə əsasən, sosial şəbəkə platformaları 15 yaşı tamam olmayan uşaqlara xidmət göstərə bilməyəcək. Yaşın təsdiqlənməsi elektron hökumət sistemi (e-Devlet) vasitəsilə aparılacaq və şəxsiyyət məlumatları paylaşılmadan yalnız yaş qrupu müəyyən ediləcək.
Mövcud hesabların 31 mart 2027-ci ilədək yaş təsdiqindən keçirilməsi tələb olunur. 15–18 yaşlı istifadəçilər üçün isə standart olaraq məxfi hesablar tətbiq ediləcək, mesajlaşma imkanları məhdudlaşdırılacaq, canlı yayımlara və telefon kontaktlarının sinxronlaşdırılmasına icazə verilməyəcək.
Yeni qaydalar çərçivəsində valideynlərə uşaqların ekran vaxtını, xərclərini və hesab parametrlərini nəzarətdə saxlamağa imkan verən, türk dilini dəstəkləyən valideyn nəzarəti alətləri də təqdim olunacaq.