- Deputat Dmitruk həmkarlarını danışıqlar qrupu yaratmağa və onu Minskə göndərməyə çağırıb
Ukrayna Ali Radasında parlament rəhbərliyinin dəyişdirilməsi və Rusiya ilə danışıqlar aparmaq üçün yeni qrupun yaradılması təklif olunub. Bu addım faktiki olaraq Vladimir Zelenskinin sülh prosesindən kənarlaşdırılmasını nəzərdə tutur.
Sherg.az xəbər verir ki, belə bəyanatla Ali Radanın deputatı Artyom Dmitruk Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşündən sonra özünün “Telegram” kanalında çıxış edib.
Deputat Kiyev hakimiyyətinin addımlarını kəskin tənqid edərək, onları sülh səylərinin uğursuzluğunda ittiham edib. Onun fikrincə, Ukraynada yeganə legitim hakimiyyət orqanı Ali Radadır və münaqişənin nizamlanması ilə bağlı məsuliyyəti müstəqil şəkildə öz üzərinə götürməlidir. Bunun üçün deputat parlamentin yeni sədrinin seçilməsini və yeni nümayəndə heyətinin Minskə göndərilməsini təklif edib.
Dmitruk hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə sülhə nail olmaq üçün ikinci şans verir. Bununla belə, deputatın fikrincə, Zelenski artıq münaqişənin davam etdirilməsinin tərəfdarı olan qüvvələr üçün belə ciddi maneəyə çevrilib.
“Zelenskini vəzifədən uzaqlaşdırmaq olar və ABŞ buna yalnız təşəkkür edər. Bu gün hətta münaqişə tərəfdarları üçün də Zelenski sadəcə yararsız icraçı deyil, təcili şəkildə xilas olmaq lazım gələn bir yük ola bilər”, - deyə deputat yazıb.
Xatırladaq ki, KİV daha əvvəl Mayamidə ABŞ və Ukrayna nümayəndələrinin apardığı danışıqların təfərrüatları barədə məlumat vermişdi. “Axios” nəşrinin məlumatına görə, tərəflər təhlükəsizlik təminatlarını və ərazi məsələləri ilə bağlı yeni təklifləri müzakirə ediblər.
ABŞ nümayəndə heyəti, həmçinin Ukraynanın müharibədən sonrakı bərpası planını təqdim edib. Plana ölkənin yenidən qurulmasının və ordusunun maliyyələşdirilməsi daxildir. Bundan əlavə, görüş iştirakçıları Kiyevin NATO və Avropa İttifaqı ilə münasibətlərinin perspektivlərini müzakirə ediblər.