Rəisinin təcrid siyasəti: İran təhlükəli obraz olaraq təqdim edilir

İranda martın 1-də keçiriləcək Ekspertlər Şurasına seçkilərdə ölkə Prezidenti İbrahim Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb.
O, həmin dairədən yeganə namizəd olduğu üçün seçilməsi əvvəlcədən təmin edilib.
Məsələ İranda müxtəlif tənqidi reaksiyalar doğurub.
“Ekspertlər Şurasına seçkilərdə İbrahim Rəisinin Cənubi Xorasan əyalətində özünə rəqib olması Həsən Ruhaninin namizədliyinin təsdiq ediməməsindən də böyük biabırçılıqdır. Gəlin, İbrahim Rəisinin özü ilə yarışda ikinci olmaması üçün dua edək”, - tanınmış jurnalist Məhəmməd Mühaciri yazıb.
Qeyd edək ki, həmin əyalətdən daha 4 nəfər namizədliyini irəli sürsə də, Nəzarət Şurası onların namizədliyini təsdiq etməyib.

İranda yaşanan bu vəziyyət barədə "Sherg.az"ın sualını cavablandıran Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan söyləyib ki, indiki Prezident Rəisinin apardığı siyasət İranı dünyada və regionda təhlükəli obraz olaraq təqdim edir:
"Aqressiv siyasət İran daxilində də çaxnaşmalarla müşahidə edilir. Milli, iqtisadi və digər sahələrdə əhalinin etirazı ilə üzləşən İbrahimi komandası İranı dünyadan tam təcrid olunmuş vəziyyətə gətirir. Onun namizədliyinin bu şəkildə irəli sürülməsi gülüncdür və demokratik, həmçinin dini dəyərlərin nəzərə alınmaması deməkdir. Həsən Ruhanidən fərqli olaraq İbrahim Rəisi prezidentliyə məhkəmə sistemindən gəldiyi üçün daha mühafizəkar və islahatçıların əleyhinədir. Məhkəmə sistemində yalnız edam hökmlərinə imza atmaq heç də dövlət idarəçiliyində də effektiv olmur. Həsən Ruhani islahat tərəfdarı və Qərblə normal münasibətlərə nisbətən meylli idi. Müəyyən mənada dini sahədə də əhaliyə azadlıq tərəfdarı idi".

Politoloq Rəisinin bu addımının özünə inamsızlıqdan və alternativ namizədlərdən çəkinməyindən irəli gəldiyini vurğulayıb:
"Tamamilə diktatura rejiminə keçidin növbəti təzahürü olaraq ola bilsin onun Ekspertlər Şurasına seçilməsinə Ali Dini Lider də rəy verib. Əks halda bu cür gülünc vəziyyəti Rəisinin özbaşına təşkil etməsi Dini Liderin də nüfuzuna zərbədir. Növbəti prezident seçkilərində şübhəsiz ki, Rəisi namizədliyini verməyəcək, çünki reytinqi tamamilə düşüb. Odur ki, siyasi səhnədən tamamilə silinməmək üçün indidən yerini bərkitmək istəyir. Məqsəd isə region dövlətlərə və Qərbə qarşı daha sərt siyasət aparmaqdır. Bu da İranı ciddi təhlükə qarşısında qoyur. Hazırda qeyd edilən şuraya digər namizədlərin təsdiq edilməməsi İslam dini hökmlərinə və demokratik qaydalara görə heç bir əndazəyə sığmır. Hesab edirəm ki, müstəqil düşünən ali din xadimləri tərəfindən də bu hərəkət sərt tənqid olunacaq. Hətta ola bilsin kəskin etirazlar da olsun".