Qərbdə açıq şəkildə yeni dünya nizamı haqda danışılmağa başlanıb
“Ölkəmizin yerləşdiyi məkan eyni zamanda bir neçə hədsiz həssas bölgəyə aid edilir. Belə həssas məkanda kəskin geosiyasi seçimlər və ya dönüşlər edilməsi haqda tələblər məntiqli deyil"
Rusiya-Ukrayna savaşının ardınca İsrail-Fələstin, daha doğrusu, İsrail-HƏMAS müharibəsinin vüsət alması, Yaxın və Orta Şərqdə, Qırmızı dənizdə baş verən qarşıdurmalar, terrorçu qruplaşmaların fəallaşması, İran-Pakistan və ümumiyyətlə, İran ətrafında yaşananlarla bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəzi şərhçilər yeni dünya düzəninin formalaşması, siyasi-iqtisadi maraqlar, qlobal ticarət yollarının ələ keçirilməsi uğrunda mübarizənin getdiyini söyləyirlər. Hətta üçüncü dünya müharibəsinin başlanma ehtimalını gündəmə gətirənlər də var. Ötən gün Ukrayna Prezidenti Zelenski də üçüncü dünya müharibəsinin başlandığını iddia etmiş və Qərb ölkələrinə çağırış ünvanlamışdı. Maraqlıdır ki, son aylarda Qərb ölkələri də silahlanmaya xüsusi önəm verirlər. Məlumata görə, Polşa aşırı silahlanan ölkələr arasındadır. Həqiqətən, HƏMAS-İsrail arasında münaqişə çoxdandır davam edir. Bu, Yaxın Şərq regionunda 1967-ci ildə baş verən 6 günlük Ərəb-İsrail müharibəsindən sonra ən kəskin silahlı qarşıdurmadır. Tərəflərin heç biri güzəştə getmək istəmir. O cümlədən Yaxın Şərqdə yeni dünya nizamının bünövrəsi qurulur. İranın dəstək verdiyi proksi qüvvələrə qarşı əməliyyatlar genişlənir.
Qlobal miqyasda baş verənləri "Sherg.az"a dəyərləndirən politoloq Cəmaləddin Quliyev deyib ki, dünyada gərginliyin, ixtilafların artması müşahidə olunur. Analitikin sözlərinə görə bəzən indi baş verənləri I və III dünya savaşı ərəfəsində baş verənlərlə də müqayisə edərək yeni savaşın başlama ehtimalları səsləndirilir:
"Hərçənd dünya savaşlarının sıralanmasına belə birmənalı münasibət yoxdur. Bilirsiniz, Uinston Çörçill Yeddi İllik müharibəni (1756-1763) də Birinci Dünya Müharibəsi adlandırdı. Çünki döyüşlər müxtəlif qitələrdə aparılır. Əvvəlki Avropa beynəlxalq münasibətlər sistemi Prussiya və Rusiyanın böyük dövlətlər sırasına daxil olması ilə əlaqədar böhran içində idi. Və ya Qərb ölklərindən fərqli olaraq Şərqdə bir çox tarixçilər I dünya savaşının bitmədiyini, indi də davam etdiyini deyirlər. Bununla Şərqin indiki siyasi coğrafi xəritəsinin süni olması, dəyişməyə məhkum olması vurğulanır. I Qarabağ savaşı zamanı Ermənistanın ilk prezidenti də bənzər açıqlama verərək bildirmişdi ki, beynəlxalq hüququn sərhədlərin dəyişilməzliyi haqda prinsipi Yaxın Şərqə və Qafqaza şamil oluna bilməz. Doğrudan da, indiki vəziyyət Yeddi İllik, eləcə də I və II dünya savaşı dediyimiz cahan hərbləri ərəfəsindəki vəziyyətə xeyli oxşardır. Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, İsrail, müəyyən qədər İran kimi ölkələrin timsalında ciddi regional oyunçuların beynəlxalq arenaya daxil olması, keçmişdə regional oyunçu kimi nəzərdən keçirilən Çin və Hindistanın faktiki yeni geosiyasi qütblər yaratma təşəbbüsləri, Rusiyanın bu rolununun birdəfəlik sıradan çıxarılması üçün kollektiv Qərbin koalisiya qurma cəhdləri müşahidə olunur. Həmçinin kollektiv Qərb anlayışına paralel qlobal Cənubdan bəhs edilməsi, Yaxın Şərq, postsovet məkanı, Cənubi Qafqaz, Mərkəzi Asiya regionlarından keçən ticarət yolları uğrunda amansız mübarizə gedir. Bu da beynəlxalq münasibətlər sistemində böhran olması təəssüratlarını gücləndirir".
Ekspertin qənaətincə, Qərbdə açıq şəkildə yeni dünya nizamı haqda danışılmağa başlanıb:
"Yeni regional oyunçular beynəlxalq münasibətlər sisteminin indiki şəkildə davam etməsini ədalətsiz sayır, “dünyanın 5-dən (yəni BMT TŞ-nin 5 daimi üzvündən) böyük” olması haqda bəyanatlar verirlər. Bütün bunlar dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizəsinin pərdələnmiş terminlərlə ifadəsindən başqa bir şey deyil. Məsələn, I dünya savaşı ərəfəsində Almaniyanın iştirakı ilə Aralıq dənizi və Bəsrə (ərəb) körfəzini birləşdirəcək Bağdad dəmir yolu layihəsi var idi. O layihə reallaşacağı təqdirdə “Orient express”dən sadəcə əyləncəvi turist səfərləri üçün deyil, həm də Şərqdən neft, xammal və əksinə, Qərbdən texnologiylar daşımaq üçün istifadə ediləcəkdi. Bəllidir ki, Osmanlı sultanı İkinci Əbdülhəmidin başqa reallaşmamış planı o xətti Məkkəyədək uzatmaq, beləliklə, Ərəbistan yarımadasında Osmanlı hakimiyyətini tam bərqərar etmək idi. Osmanlı Türkiyəsi savaşa həm də belə bir xəyallarla qoşulmuşdu. İndi də Yaxın və Uzaq Şərqi Qərbə və əksinə bağlayacaq üç yeni layihə ortadadır. Orta dəhlizin bir hissəi olacaq Zəngəzur keçidi, İMEC (Hindistan-Yaxın Şərq-Avropa) və Bəsrə (Ərəb) körfəzini Anadolu üzərindən Avropaya bağlayacaq “İnkişaf yolu” layihələri. Bölgəmizdə gərginliyin əsas səbəbləri sırasında məhz bu fərqli layihələrlə bağlı anlaşılmazlıqlar da mühüm rol oynayır. Digər səbəblər isə qeyd etdiyimiz kimi, bu regionlarda siyasi sərhədlərin dəyişilməzliyinin birmənalı qəbul edilməməsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və postsovet Şərqi Avropasında Rusiyanın, Yaxın Şərqdə ABŞ-nin azalan roluna yeni oyunçuların iddia etməsindən qaynaqlanır".
C.Quliyev vurğulayıb ki, hələ ki əsas qlobal və regional oyunçular yeni savaşda maraqlı görünmür:
"Birbaşa toqquşmalardan yayınır, vəkalət savaşlarına üstünlük verirlər. Ancaq təəssüf ki, bu yanaşma bizə tam rahatlıq üçün əsas vermir. Bizi məmnunluqla öz yanında və ya yedəyində görmək istəyənlər bir-birindən kəskin fərqli qütblərdə dururlar. Qəribə deyil ki, indi daxili siyasi müzakirələrimizdə də qəti geosiyasi seçim etmək haqda çağırışlar xeyli artıb. Əminəm ki, bu çağırışları edənlərin çoxu Azərbaycanın maraqlarını düşünərək belə fikirlər səsləndirirlər. Amma bu müzakirələr, fikrimcə, ittihamedici tondan uzaq olmalıdır. Ölkəmizin yerləşdiyi məkan eyni zamanda bir neçə hədsiz həssas bölgəyə aid edilir. Belə həssas məkanda kəskin geosiyasi seçimlər və ya dönüşlər edilməsi haqda tələblər məntiqli deyil".