Politoloq: Rus cəmiyyətində bir xof, qorxu var

Belə təbliğat aparılır ki, "Putin gedərsə, ölkə dağılar, parçalanar" 

“Belə məqamlar hazırkı prezidentin nüfuzuna müsbət mənada təsir göstərir"
 


  Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Vladimir Putini 2024-cü ilin martında keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi qeydə alıb. Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Səsvermə üç gün davam edəcək (15, 16 və 17 mart). Hazırda dövlət başçısı postu uğrunda 11 nəfər mübarizə aparır. Ötən gün Rusiya Azadlıq və Ədalət Partiyasının prezidentliyə namizədi Andrey Boqdanov prezidentlik yarışından geri çəkilib. Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib ki, Boqdanov namizəd kimi qeydiyyatdan keçmək üçün sənədləri və seçici imzalarını təqdim edibmiş. Ancaq daha sonra prezidentlik yarışından geri çəkilmək barədə ərizə yazıb. Yanvarın 30-da isə “Rusiya Ümumxalq Birliyi” partiyasının lideri Sergey Baburin namizədliyini geri götürdüyünü və prezident seçkilərində iştirak etməyəcəyini açıqlamışdı. O, Rusiya Federasiyasının prezident seçkilərində Vladimir Putini dəstəkləməyə çağırmışdı. Rusiyada təşkil edilmiş rəy sorğularının da nəticələri Putinin reytinqinin əvvəlki illərə nisbətən yüksəldiyini göstərir. Lakin bəzi şərhçilərin qənaətincə, müxalif namizədlərin geri çəkilməsi Kremlin təzyiqləri ilə bağlıdır. 

Politoloq Qabil Hüseynli "Sherg.az"a bildirib ki, Rusiyada prezident seçkisinin demokratik mühitdə və şəffaf keçirilməyəcəyi indidən bəllidir. Analitikin sözlərinə görə, əgər seçkinin nəticəsi indidən bəllidirsə və seçki aktivliyinin ən aşağı həddə olacağı deyilərsə, bu o deməkdir ki, seçkidə saxtakarlıq kifayət qədər yüksək olacaq:
 "Kreml idarəçilik sistemi rusların düşüncə tərzini də istədikləri kimi formalaşdırıb və nəzarətə alıblar. Ona görə də Rusiyada seçkinin obyektiv təşkil olunacağına ümid edilmir. Məsələn, Baburin kifayət qədər populyar adamdır və Putinlə ciddi rəqabət apara biləcək şəxs idi. Amma namizədliyini geri götürdü və Putinə dəstək çağırışı etdi. O cümlədən Rusiya Kommunist Partiyasının sədri G.Zyuqanov da nüfuzlu siyasətçilərdəndir. Halbuki öz namizədliyini vermədi, partiyadan başqa şəxsin adını namizəd kimi göstərdilər. Rusiya cəmiyyətində ən nüfuzlu partiyalardan biri Kommunist Partiyasıdır və xeyli insanın dəstəyini qazana bilərdi. Ancaq seçkiyə getmirlər. Çünki cəmiyyətdə bir xof, qorxu var. Geri çəkilənlər də başa düşürlər ki, qələbə qazanmaq şansları sıfıra bərabərdir. Ümumən, Rusiyada seçki ənənələri qeyri-şəffaflıq üzərində formalaşıb. Əfsuslar ki, bu ənənə bəzi postsovet ölkələrinə də təsir göstərir". 

  Ekspert qeyd edib ki, hazırda Vladimir Putinin reytinqi kifayət qədər yüksəkdir: 
"Amma bu reytinqin cəmiyyətdəki qorxudan, yaxud Kreml rəhbərinin həyata keçirdiyi siyasətdən qaynaqlandığını demək çətindir. Cəmiyyətdə belə təbliğat aparılır ki, "Putin gedərsə, ölkə dağılar, parçalanar" və s. Belə məqamlar hazırkı prezidentin nüfuzuna müsbət mənada təsir göstərir".