İrakli Kobaxidze - "Kremlin adamı", yoxsa Qərbin?

İrakli Kobaxidze baş nazir oldu

Gürcüstandakı Rusiyameyilli qüvvələr də onu müdafiə edəcək

  Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının qurultayı keçirilib. Ötən gün istefa vermiş sabiq Baş nazir İrakli Qaribaşvili qurultayda partiyanın sədri seçilib. Nümayəndələr onun namizədliyini yekdilliklə dəstəkləyiblər. Daha sonra Gürcüstanın hakim “Gürcü arzusu” Partiyası Baş nazir postuna namizədini açıqlayıb. Partiyanın yeni sədri İrakli Qaribaşvili qurultayda çıxışı zamanı Baş nazir postuna namizədinin İrakli Kobaxidze olduğunu bildirib və ona uğurlar arzulayıb. Gələn həftə ölkə parlamenti Baş nazir və hökumətin tərkibini təsdiq edəcək. Xatırladaq ki, İrakli Qaribaşvili yanvarın 29-da Baş nazir vəzifəsindən istefa verib.
  Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Qaribaşvilinin istefası və yeni hökumətin formalaşması Gürcüstanda heç bir dəyişikliyə səbəb olmayacaq. Ekspertin sözlərinə görə, istefa Qaribaşvilinin siyasətdən uzaqlaşması anlamına da gəlmir:

"Göründüyü kimi, o, partiyanın sədri oldu. Belə fərziyələr də səslənirdi ki, Qaribaşvilini “Gürcü arzusu” Partiyasının təsisçisi Bidzina İvanişvilinin oğlu əvəzləyəcək. Amma hakim partiyanın hazırkı sədri İrakli Kobaxidzenin Baş nazir olacağı bəlli oldu. O, Almaniyada təhsil alıb. "Kremlin adamı" kimi tanınsa da, çoxları düşünür ki, Qərbə bağlıdır. Gürcüstandakı Rusiyameyilli qüvvələr də onu müdafiə edəcək. Gürcüstanda hakimiyyət dəyişikliyi hər iki qütbün, həm Qərb, həm də Rusiyanın marağındadır. Gürcüstan müxalifəti yeni şəxsin baş nazir olması ilə də ölkədə heç bir dəyişikliyin olmayacağını bəyan edir. Onlar bunu hakim partiyanın fəxri sədri B.İvanişvilinin ssenarisi kimi dəyərləndirirlər. İvanişvili istəsə belə, gürcülərin Avropaya inteqrasiyasının qarşısını ala bilməyəcək".