ABŞ-da daxili siyasət heç də ürəkaçan deyil -ŞƏRH

Əksər cənub ştatları miqrant böhranına görə mərkəzi hakimiyyətlə fikir ayrılığı yaşayır

 Texasda isə artıq Birləşmiş Ştatlardan ayrılmaq çağırışları yüksəlir


ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Amerikanın bu addımı İordaniyadakı hərbi bazaya hücum nəticəsində ABŞ-nin 3 əsgərinin ölümü, 34-nün yaralanmasına cavabı kimi dəyərləndirilib. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Vaşinqton Suriya, İraq və Yəməndəki bombardmanlarla məhdudlaşmayacaq. Onun sözlərinə görə, Vaşinqton İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir. Prezidentin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da bildirib ki, ABŞ İraq və Suriyadakı iranyönlü qüvvələrə hücumdan sonra İrana birbaşa zərbə endirməlidir: "İranın daxilində çoxlu hədəflər, Qüds qüvvələrinin bazaları, hava hücumundan müdafiə sistemləri və başqaları var. Onları məhv etmək yaxşı fikirdir və bu bir mesajdır". BMT ABŞ-nin Suriya və İraqa zərbələrindən sonra eskalasiya riskindən narahat olduğunu açıqlayıb. Baş katibin sözçüsü Stefan Düjarrik bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə və onsuz da həssas olan regionda daha genişmiqyaslı münaqişənin iqtisadi və insani tərəfini nəzərə almağa çağırıb. Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib ki, ABŞ-nin Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli artırır: "Biz görürük ki, ABŞ indi İraq və Suriyada olduğu kimi, dövlətlərin suverenliyini kobud şəkildə pozur. ABŞ hər yerdə münaqişələri qızışdırır. Mən bu zərbələri qətiyyətlə pisləyirəm". Türkiyə xarici işlər naziri Hakan Fidan da ABŞ-İran arasında gərginliyin artmasını şərh edərkən deyib ki, regional münaqişədən qaçmaq lazımdır: "Vəziyyət yaxşı deyil. Daha böyük münaqişə ilə üzləşə bilərik. Qığılcım hər an yanğına çevrilə bilər. Nəzarətdən çıxa bilər. Burada da böyük risklə üzləşə bilərik. Bu nəzarətdən çıxma məsələsi təhdid olaraq qarşımızdadır”.

Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, İordaniyada 3 amerikan hərbçisinin öldürülməsi və 50-yə yaxın hərbçinin yaralanması fonunda Vaşinqtonun cavab addımları atacağı gözlənilirdi. Bununla belə, Pentaqonun cavabı diqqət çəkir: 
"Məsələ ondadır ki, Vaşinqton İraq, Suriya və Yəməndəki hədəfləri bombalasa da, İran ərazilərini hədəf almır. Halbuki İordaniyadakı insidentin pərdəarxasında birbaşa rəsmi Tehran dayanırdı. Hətta ABŞ rəsmiləri bu barədə açıq mesajlar belə verdi. Görünür, ABŞ Yaxın Şərqdə müharibəyə qoşulmaq istəmir və xüsusilə birbaşa İranla toqquşmadan qaçır. Bunun birdən çox subyektiv səbəbi var. Qarşıdan ABŞ prezident seçkiləri gəlir. Təcrübə göstərir ki, Vaşinqton seçki müddətində müəyyən münaqişə ocaqlarında gərginlik yaratsa da, birbaşa müdaxilədən qaçır. Çünki seçki öncəsi və seçki zamanı itkilərin olması bütün hallarda səsverməyə təsir edir. ABŞ-ın İrana birbaşa müdaxiləsi hər zaman zəif bir ehtimal olub. Çünki İran hər nə qədər hücum xarakteli müharibələrdə zəif olsa da, müdafiə xarakterli müharibədə dişli rəqibdir. Dini-ideoloji, coğrafi, habelə geosiyasi üstünlüklərə malik Tehranla giriləcək bir müharibə fəlakətlə nəticələnə bilər. Hətta bu müharibəni ABŞ qalib gəlsə belə, bu qələbə sadəcə “Pir qələbəsi” olar". 

Ekspertə görə, hazırda ABŞ-da daxili siyasət heç də ürəkaçan deyil: 
"Əksər cənub ştatları miqrant böhranına görə mərkəzi hakimiyyətlə fikir ayrılığı yaşayır. Texasda isə artıq Birləşmiş Ştatlardan ayrılmaq çağırışları yüksəlir. Yəni belə bir vəziyyətdə ABŞ nəinki İranla, heç bir ölkə ilə birbaşa müharibəyə girməz. Nəticə etibarilə ABŞ Prezidenti Co Bayden hərbçilərin öldürüldüyü ABŞ bazasına hücuma hansısa formada cavab verməli idi. Suriya və İraqdakı müəyyən məntəqələrə vurulan zərbələr fonunda da bunu etdi. ABŞ prezident seçkiləri Yaxın Şərqin gələcəyi baxımdan çox önəmlidir. Belə ki, Tramp yenidən prezident seçilərsə, vaxtilə başlatdığı prosesi yekunlaşdıra bilər. Söhbət Suriya və İraqdan ABŞ qoşunlarının çıxarılmasından gedir. Trampın qoşunları geri çəkmək və hərbi xərcləri azaltmaq vədləri onu indidən noyabrdakı seçkilərin favoritinə çevirib".