Ankara-Qahirə yaxınlaşması regionda ən çox İsraili və HƏMAS-ı zəiflədəcək -PROQNOZ 

Misir və Türkiyə münasibətlərin inkişafında maraqlıdır


  Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi İsraillə əlaqələri yenidən gözdən keçirmək istədiklərini deyib. Görünür, Türkiyə ilə yaxınlaşma, Prezident R.T.Ərdoğanın Misir səfəri Sisini cəsarətləndirib. Misir Qəzza məsələsindən istifadə edərək yenidən Ərəb dünyasında əsas güc sahibi olmaq niyyətindədir. Təbii ki, Qahirə yaxşı başa düşür ki, Ankaradan dəstək gəlməsə, bu, alınan deyil. Çünki Türkiyənin Ərəb dünyasındakı nüfuzu, xüsusilə Ərdoğanın nüfuzu çox güclüdür.
 
 Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a bildirib ki, Ə.Sisi Misirdə siyasi islamın qalıqlarını təmizləmək istəyir. Ekspertin sözlərinə görə, Məhəmməd Mursinin prezident seçilməsi ilə birlikdə Müsəlman Qardaşları Hərəkatının hakimiyyətə gəlməsi Ərəb dünyasında narahatlıqla qarşılanırdı: 
"Həmçinin Qərb də Mursini qəbul edə bilmədi. İsrail Qəzzanı bombalayır, insanlar Misirə qaçır. Bu insanların çoxu HƏMAS və ya digər silahlı islamçı qrupların üzvləridir. Ya da ailə üzvləri bu təşkilatların üzvləridir. Sisini bu hal ciddi narahat edir. Çünki vaxtilə FAT Suriyada Hafiz Əsədə, Misirdə Ənvər Sadata böyük problem yaşatmışdı. Sisi bu hallarla qarşılaşmaq istəmir. Ümumiyyətlə, Qahirə üçün ən məqbul variant  Mahmud Abbasın rəhbərliyi altında zəif bir Fələstin dövlətinin yaradılması və Qəzzanın bu dövlətin tərkibinə keçməsidir. Misir də Qəzzada qarışıqlıq istəmir".
 
 Analitikin sözlərinə görə, Misir-Türkiyə münasibətlərinin inkişafında hər iki dövlət maraqlıdır: 
"İsveçin NATO-ya üzvlüyündən sonra Qərbin Türkiyə müdafiə sənayesinə sanksiyaları aradan qalxıb, Misir Türkiyənin bu sahədəki təcrübəsindən geniş şəkildə istifadə etmək istəyir. Həmçinin Türkiyədə Misir limanlarından geniş şəkildə istifadə etmək, eləcə də, Misir bazarına daxil olmaq istəyir. Ankara-Qahirə yaxınlaşması regionda ən çox İsraili və HƏMAS-ı zəiflədəcək. Hər 2 dövlət maksimum şəkildə İsrailə təzyiq etməyə çalışacaqlar. Sisi Qəzzanı HƏMAS-ın əlindən almaq, eləcə də, bu təşkilatın Misirdə güclənməsinə imkan verməmək üçün var gücü ilə çalışacaq".