Son 55 ilin ən soyuq qışı: Hər tərəf qara bürünüb

  Ərdəhan bölgəsində son 55 ilin ən soyuq, şaxtalı qışı yaşanır. Kəndlərdəki evlər bütünlüklə qarın altında qalıb. Sakinlər evlərindən zorla çıxaraq qapılarının önünü, yolu açmağa çalışır. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Ərdəhan valisi Xeyrəddin Çiçək bölgənin ağ örtüyə büründüyünü əsk etdirən fotoları sosial media hesabında paylaşıb. Valinin yazdığına görə, Şərqi Anadolunun dəniz səviyyəsindən ən yüksək bölgəsi (1900 metr) olan Ərdəhanda son 55 ilin ən soyuq qışı yaşanır və qar örtüyünün qalınlığı da rekord göstəricidədir. Şəhər mərkəzində qarın hündürlüyü 95 santimetr, ətraf bölgələrdə isə 120 santimetrdə çatıb, yüksək ərazilərdə isə 1.5 metrdən artıqdır. Kənd  yerlərində evlər büs-bütün qara bürünüb. Xüsusi xilasetmə qrupu çətin keçilən yolları qardan təmizləyir. Şəhər mərkəzindən 10 kilometr aralıda yerləşən Sugözə kəndinin yolu da qardan təmizlənir. Kənddə güclü şaxta suyu da dondurub. Kəndlilər heyvanlarını suyla təmin etmək üçün dərələrə enirlər. Kəndlilərsə deyir ki, Ərdəhan hətta günəşin də üşüdüyü yerdir.