Detektiv həşəratlar 20 sirri açdı

Entomologiya məhkəmə tibbi ekspertizasına önəmli dəstək verib. Ankara Universitetinin Ədli Tibb Elmləri İnstitutunun alimləri həşəratların ağır cinayətlərin açılmasına əhəmiyyətli dərəcədə kömək edə bildiyi qənaətindədir. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, son illərdə ağır cinayətlərin açılmasında həşərat və böcəklərdən istifadə olunur. Cəsədin çürüməsindən asılı olaraq hansı həşərat ona yaxınlaşırsa, şəxsin öldüyü zaman o dəqiqədən etibarən hesablanır. Məhkəmə tibbi-ekspertizada 2008-ci ildən etibarən bu üsuldan istifadə edilməyə başlanılıb. Və 20 cinayət hadisəsinin üstü bu üsulla açılıb. Çürüməkdə olan cəsədin üzərinə qonan həşəratlar ölüm vaxtını və cəsədin bir yerdən digərinə daşınıb-daşınmadığını da təsbit etməyə imkan verir.  Ankara Universitetinin Ədli Tibb Elmləri İnstitutunun professoru  Nihal Açıkgöz, cinayətlərdə böcəklərin hərəkətinin sübut olaraq istifadə edildiyinə dair məlumat verib. Professor qeyd edib ki, həşəratlar, böcəklər güclü qoxubilmə qabiliyyətinə malikdirlər və onların cəsədlərə doğru hərəkəti cəmi 4 dəqiqə çəkir. Böcəklər cəsədlərlə bəslənir və bu zaman yumurta qoyurlar. Yumurtalardan böcəklərin çıxması isə 20-60 dəqiqə arasında baş verir. Cəsəd tapılan zaman üzərində hansı böcəyin olması istintaqa cəsədin çürümə vaxtı və ölüm zamanı barədə dəqiq məlumat verə bilər. İstintaqçılar böcəklər vasitəsilə bunu dəqiqləşdirə bilər. Burada həşəratların növləri, cəsədin tapıldığı yer, hava şəraiti də önəmlidir.  Böcəklər cəsəd üzərində 15 gün, ya da 1 ay yaşaya bilir. Bu da şəxsin nə zaman öldüyünü təyin etməyə yardımçı olur. Böcəklər və həşəratlar sayəsində şəxsin harada öldüyünü də müəyyən etmək mümkündür. Çünki şəhər yeri ilə kənd, meşəlik yerlərin həşəratları da fərqlidir. Professor bildirib ki, bu sahədə Türkiyə Avropa və ABŞ ilə eyni səviyyədə addımlayır.