İsrail ordusu fələstinliləri yarıçılpaq köç etməyə məcbur edib

Fələstinlinin evinin pəncərəsindən çəkdiyi görüntülər sosial mediada paylaşılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, kadrlarda bir qrup fələstinlinin çılpaq və yalnız alt paltarı ilə cənuba doğru hərəkət etdiyi görünür.

Qeyd edək ki, səsyazmalarda yarıçılpaq fələstinlilərin əlil arabasını itələyərək ona kömək etməsi diqqət çəkir.

Görüntüləri X sosial media hesabında paylaşan fələstinli hüquqşünas və akademik Rami Abdu verdiyi açıqlamada İsrailin Şifa xəstəxanası və ətraflarında dəhşətli qırğınlar törətdiyini bildirib.

İsrail ordusunun fələstinliləri canlı qalxan kimi istifadə edərək paltarlarını çıxararaq köç etməyə məcbur etdiyini bildirən Abdu, İsrailin bütün beynəlxalq qanun və normaları pozaraq qadın, kişi və uşaqları qətlə yetirdiyini, xəstəxananın bəzi hissələrini və ətrafını yandırdığını qeyd edib. 

İsrail ordusundan əvvəlki yazılı açıqlamada, ordu qüvvələri və Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) tərəfindən Şifa xəstəxanası ərazisindəki "əməliyyatların" davam etdiyi bildirilmişdi.

Bildirilib ki, İsrail ordusunun Qəzza zolağında Şifa xəstəxanasına təşkil etdiyi basqında indiyədək 170-dən çox fələstinli öldürülüb, 800-dən çox adam isə “dindirilib”.