NATO Cənubi Qafqaz regionundakı ölkələrlə münasibətlərə dəyər verir.
APA xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Culianna Smit onlayn brifinqdə deyib.
Səfir NATO Baş katibi Yens Stoltenberqin qısa müddət əvvəl Cənubi Qafqaz regionuna səfər etdiyini xatırladıb.
Diplomatın sözlərinə görə, NATO-nun Cənubi Qafqaz ölkələri ilə özünəməxsus münasibətləri var.
Culianna Smit NATO və Gürcüstan arasındakı münasibətlərindən da danışıb. O qeyd edib ki, Alyans Gürcüstanın bloka üzvlük istəyini qiymətləndirir.
“Digər iki ölkə - Azərbaycan və Ermənistanın da NATO ilə tərəfdaşlığı var və bu ölkələr də münasibətləri dərinləşmək imkanlarını axtarırlar. Aydındır ki, hər ölkə NATO-ya üzvlük imkanı axtarmır, amma ortaq təhdid və təhlükələrlə mübarizədə əməkdaşlıq imkanlarını müzakirə edirlər. NATO bu region ölkələri ilə müttəfiqliyi qiymətləndirir”.
Culianna Smit NATO Baş katibinin Cənubi Qafqaz regionuna səfərinin nəticələrinin müzakirəsinin NATO XİN rəhbərlərinin iclasının gündəliyində olmadığını, ancaq müzakirələrdə bu məsələyə toxunula biləcəyini diqqətə çatdırıb.