Qırıq qabırğa, platinli ayaq: 73 yaşlı ata qızını belində daşıyır

Əskişəhərdə yaşayan 73 yaşlı Nurəddin Toprak əqli çatışmazlığı olan qızını illərdir belində daşıyır. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, N.Toprak özü də fiziki baxımdan sağlam deyil. 2 il əvvəl ayağı əməliyyat olunub və platin qoyulub. Qabırğasında da qırıq var. Buna rəğmən qızını belində daşımaqdan heç vaz keçmir. “Qızımı hər səhər məktəbə aparıram. Məktəbə gedən yol evmizdən 5 metr aşağıdadır. Aşağı enməkdə zorluq çəkirik. Axşamüstü də yenə eyni əzabla onu evə  qaldırıram. Nə edim? Qızım bizə Allahın əmanətidir. Danışmır. Kaş ki danışaydı, məndən nəsə istəyəydi. Nəyin bahasına olsa da, istədiyini tapıb alardım, onun üçün gətirərdim”, deyən N.Toprak uzun illərdir övladının əziyyətini çəkməkdən heç yorulmadığını, bezmədiyini söyləyib. N.Toprakın həyat yoldaşı da onkoloji xəstədir. Onun da hər iki dizi əməliyyat olunub, dizlərinə platin qoyulub.  Övladı Həcər Toprak əqli qüsurlu doğulub. İndi 36 yaşındadır. “Hər axşam qızımın ayaq barmaqlarını təmizləyirəm. Hər axşam corablarını çıxarıb ayaqlarını öpürəm qızımın. İllərdir, heç bir dəyişiklik yoxdur. Amma nə edim? Qızımızı çox sevirik. Onu Allah bizə verib. Üsyan etmək bizə düşməz”.  N.Toprak bələdiyyədən yollarının düzəldilməsini xahiş edib: “Gərək bələdiyyə bizə sahib çıxsın. Evdən çıxıb aşağı yola düşmək üçün çox əziyyət çəkirik. Yoldakı beton lövhələri qaldırsalar, biz də rahat gedib-gələ bilərik. Yolu, pilləkənləri görürsünüz. Bir dəfə mən yıxıldım, qızım da belimdə. Onun da başı yaralandı, mənim də qabırğam sındı. Betonları yoldan qaldırsınlar, bizə də əlil arabası versinlər. Bu pilləkənlərdə araba da hərəkət edə bilməz. Gərək yolu düzəltsinlər. İstədiyim təkcə budur”. 
Məlahət