Rusiyanın parçalanması üçün ən əlverişli şərait məhz indidir -PROQNOZ

Sanksiyalara ara verilməyəcək
  
“Tramp yenidən prezident seçilsə belə, yumşalmalar olmayacaq. Tramp iqtisadiyyatı ən yaxşı bilən nadir siyasətçilərdəndir. O bilir ki, Qərbin bir də  heç vaxt belə bir fürsəti olmayacaq”
 
 
 
 Son aylar Qərb, xüsusən  ABŞ Rusiyanın üçüncü ölkələr vasitəsilə sanksiyalı malları əldə etməsinin qarşısını almaq üçün fəaliyyətləri intensivləşdiriblər. Bu fəaliyyətlərin əsas istiqamətlərindən birini maliyyə qurumlarına nəzarət təşkil edir.
 Qərbin təzyiqlərindən ehtiyatlanan dövlətlər isə ard-arda Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina etməyə başlayıblar. Hətta bu günlərdə Ermənistanın VTB bankın törəməsi istisna olmaqla, bütün bankları Rusiyanın “Mir” kartlarına xidməti dayandırıb.  Qazaxıstanda, aprelin 3-dən etibarən isə bütün Qırğızıstan ərazisində Rusiyanın "Mir" bank kartlarına xidmət dayandırılıb.
Yanvarın əvvəlindən isə  Türkiyə bankları Rusiya ilə ticarət əməliyyatlarını maliyyələşdirməkdən imtina etməyə başlayıblar. Ötən müddət ərzində yaranan problemi aradan qaldırmaq mümkün olmayıb. Rusiyanın eyni xarakterli problemi Çinlə ticarət əməliyyatlarında da yaranıb. Belə ki, Çinin dörd ən böyük bankından üçü 2024-cü ilin əvvəlindən Rusiyanın sanksiya tətbiq etdiyi kredit təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb. Həmçinin yanvarın əvvəlindən bu banklar Rusiya müştərilərinə ödənişləri qəbul etməyi dayandıracaqları barədə xəbərdarlıq ediblər.  Ödənişlər hansı sistemdən - Avropa SWIFT, Rusiya SPFS və ya Çin CIPS-dən keçməsindən asılı olmayaraq rədd edilir.
 Çin və Türkiyə banklarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin böyük bankları da Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Göründüyü kimi, Rusiyaya qadağan olunan malların çatdırılması ehtimalı yüksək olan bütün ölkələrə ciddi təzyiqlər başlanıb və getdikcə də artırılır.
Artıq hamıya aydındır ki, Rusiya ilə ticarətdə ikili malların yer alması halı qeydə alınan bütün ölkələr üçün ikincili sanksiyalar böyük təhdidlər formalaşdırır. Azərbaycan da Rusiya ilə ticarətini getdikcə artıran ölkələrdən biridir. Rəsmi statistikaya əsasən, 2023-cü il ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 17,5 faiz və ya 648,5 milyon ABŞ dolları artaraq 4,35 milyard dolları üstələyib.
Maliyyə qurumlarının Rusiyanın sanksiyalı bankları ilə əlaqələrinə gəlincə, Azərbaycan bankları “Mir” ödəniş sisteminə qoşulmayıblar, “Mir” kartlarına xidmət göstərməyiblər. Bu baxımdan, ABŞ-ın fevralda “Mir” ödəniş sisteminə münasibətdə tətbiq etdiyi sanksiyalar Azərbaycanın maliyyə qurumları üçün hər hansı təhlükə formalaşdırmır.
Görəsən, proses bundan sonra necə davam edəcək. Rusiyaya qadağan olunan malların çatdırılması ehtimalı yüksək olan ölkələrə təzyiqlər artırılacaqmı? Rusiya ilə iqtisadi tərəfdaş olan Azərbaycanı hansısa təhlükə gözləyirmi?

 “Sherg.az”ın suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimli hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dünya iqtisadiyyatı tarixində  bir ilkdir. İndiyə qədər heç bir dövlətə qarşı bu miqyasda məhdudiyyətlər tətbiq edilməyib: 
“İstənilən sanksiya iqtisadiyyatın hər hansı bir istiqamətini iflic etmə qabiliyyətinə malikdir. Ən azından həmin sahəni ciddi tənəzzülə uğradır. Rusiya telekanallarında ölkə  iqtisadiyyatının inkişaf etdiyinə dair müxtəlif məlumatlar yayılır.  Sözsüz, iqtisadiyyatın inkişaf dinamikasını ölçən  əyarlardan biri Ümumdaxili Məhsulun (ÜDM) artmasıdır. Rusiya rəsmiləri isə bu artıma istinadən ölkə iqtisadiyyatında artım olduğunu qeyd edirlər. Lakin belə deyil, ÜDM-nin tərkibində yararlı-yararsız hissələr ola bilər. Fikrimcə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar mərhələli şəkildə ölkə iqtisadiyyatının yorğunluğunu təmin edir. SSRİ dağılandan sonra Rusiya “qızıl  dövr”ünü itirdi. Bazar iqtisadiyyatına keçidi, yəni  yerli istehsalı idxalla əvəz etdi. İndi isə hər nə qədər itirdiklərini bərpa etmək istəsə də, dövr dəyişib. Dünya iqtisadiyyatı çox sürətlə inkişaf edir. İndi elə bir iqtisadi model formalaşıb ki, öz səviyyəndə qalmaq üçün belə sürətlə qaçmaq lazımdır, nəinki hələ irəli getmək. Qaçmaq üçün də qonşu ölkələrlə inteqrasiyan güclü olmalıdır. Dairənin içinə qapanıb o tərəf-bu tərəfə qaçmağın heç bir mənası yoxdur”.

 Qonşu dövlətlərin, bankların  Rusiyanın tərtib etdiyi “Mir” kartlarından  imtinasına gəldikdə  isə ekspert deyib ki, əks halda Qərb həmin dövlətlərin özünə də sanksiya tətbiq edəcək və  dünya bankları ilə onların əməkdaşlığı dondurulacaq: 
“Proses bundan sonra da davam edəcək və Rusiya iqtisadiyyatının ətrafındakı halqa getdikcə daralacaq. Ehtimal edilir ki, ABŞ-də keçiriləcək seçkilərdə hakimiyyət dəyişikliyi olsa və Donald Tramp yenidən prezident seçilsə,  Rusiyaya qarşı sanksiyalarda müəyyən yumşalmalar olacaq. Xeyr,  belə bir şey olmayacaq. D.Tramp iqtisadiyyatı ən yaxşı bilən nadir siyasətçilərdən biridir. O bilir ki, Qərbin bir də  heç vaxt belə bir fürsəti olmayacaq. Təbii sərvətlərlə zəngin olan Rusiyanın  parçalanması üçün ən əlverişli şərait məhz indidir. Mərhələli şəkildə Rusiyada “iqtisadiyyatın yorğunluğu” sindromunu  yaradacaqlar və  Rusiyanı parçalanmağa sövq edəcəklər. Populist çıxışlara çox da inanmayın. Bütün bunlar müvəqqəti  xarakter daşıyır. Sanksiyalar davam etdiyi təqdirdə Rusiya çox ciddi problemlərlə üzləşməli olacaq”.
 Rusiya ilə ticarət əlaqələrini davam etdirən Azərbaycana qarşı Qərbin hansısa bir təzyiq, təhdid ehtimalına gəldikdə isə F.İbrahimli deyib ki, Rusiyaya qadağan olunan malların idxal-ixracı qadağasına əməl etməsək, biz də Qərbin hədəfinə çevrilə bilərik: “Azərbaycanda fəaliyyət göstərən  istənilən bir banka qarşı sanksiya olsa, bu, bizim üçün yaxşı heç nə vəd etmir. Azərbaycan iqtisadiyyatının əsas hədəfi dünya iqtisadiyyatına inteqrasiyadır. Bizim  beynəlxalq lojistik dəhlizlərimizin əsas istiqaməti də  məhz  tranzit bir məkan olaraq  dünyada  tanınmaqdır. Enerji mənbələrimiz, alternativ enerjinin ixracı ilə bağlı planlarımız da məhz dünya bazarında özümüzə mövqe tutmaq üçündür. Bizi istəməyən, sadaladığım fəaliyyət növlərini həyata keçirən digər ölkələr  var ki, Azərbaycana qarşı sanksiyaların olmasında  maraqlıdırlar.  Təsəvvür edin, Qərb dövlətlərinin, ABŞ-nin bircə kəlmə “Azərbaycan ərazisindən yüklərin daşınmasını qəbul etmirik” deməsi  bizim üçün çox ciddi və arzuolunmaz vəziyyətdir. Ona görə də maksimum dərəcədə ehtiyatlı olmalı və Qərbin sanksiya tətbiq etdiyi sahələrdən uzaq durmalıyıq”.