Azərbaycanda taciklərə münasibət necə olacaq? -RƏY

Azərbaycanda viza rejimləri ilə bağlı sərt siyasətin tətbiqinə hələ ki ehtiyac yoxdur

  Türkiyə adi xarici pasportlara malik Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi hökumət nəşri “Resmi qazete”də dərc olunan fərmanında deyilir. “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğv edilməsi qərara alınıb”, - sənəddə deyilir. Qərar “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” Qanun əsasında qəbul edilib. Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib.

  “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, viza rejimində dəyişikliklər mövcud durumlara bağlı olur: 
- Məsələn, Rusiya Federasiyası miqrantlara, xüsusən də əməkçi miqrantlara qarşı miqrasiya qaydalarını sərtləşdirməkdə çoxdan maraqlı idi. Əməkçi miqrantlarla bağlı viza rejimi indiyədək də bir neçə dəfə sərtləşdirilib. Rusiya hökuməti əməkçi miqrantlara sistem üzərindən nəzarətin həyata keçirilməsini istəyir. Xüsusilə də Tacikistan, Özbəkistan, Qırğızıstandan olan miqrantlara qarşı. Rusiya hökumətinin mövqeyi nizamsız miqrasıyadan nizamlanan miqrasiyaya keçməkdir. Bu istiqamətdə də iş aparırlar. “Krokus City”də baş verən terror hadisəsi isə miqrantlara qarşı sərt qaydaların tətbiqi üçün Rusiyanın əlinə kart-blanş verdi. Dünyada terror təhlükəsi artdığından bir çox ölkələr miqrasiya məsələlərinə ciddi yanaşmağı zəruri hesab edir. O cümlədən də Türkiyə Cümhuriyyəti. Görünür, təhlillər aparılır, təhlükənin haradan gələ biləcəyi dəqiqləşdirilir və lazımi qərarlar verilir. Tacikistanla vizasız rejimin ləğv edilməsi, böyük ehtimalla terror təhlükəsi ilə bağlıdır. Hazırda Tacikistanın özündə istintaq qrupları işləyir. Rusiyanın istintaq qrupu da oradadır. Terror qrupları aşkarlanıb. Türkiyə də ehtimal ki, məhz bu təhlükəni nəzərə alaraq vizasız rejimi aradan qaldırıb. Çünki Türkiyə xüsusi xidmət orqanları da terror qruplaşmalarına qarşı bir neçə əməliyyat həyata keçirib, casus şəbəkəsinin zərərsizləşdirilməsi işləri aparılır. Rusiyada baş vermiş terror hadisəsi vizasız rejimin ləğvi ilə bağlı zərurət yaradır. Təhlükəsizlik baxımından doğru olan da budur.   

  A.Allahverənov qey etdi ki, viza rejiminin sərtləşməsi, qayda dəyişiklikləri mümkün təhlükələrlə  mübarizə  kontekstində lazımdır: 
- Azərbaycanda qeyri-qanuni miqrasiya ilə mübarizə həyata keçirilir. Qeyri-qanuni miqrasiya Azərbaycan üçün başağrısı yaradan hal deyil. Viza rejimi ölkələrə münasibətdə fərqlidir. Vizasız gediş-gəliş olan ölkələr də var, vizalı rejim də. Elektron viza ilə, onlayn qaydada gediş-gəliş icazəsi alınan ölkələr də var. Hazırkı şəraitdə viza rejimləri ilə bağlı sərt siyasətin tətbiqinə hələ ki ehtiyac yoxdur.