Meymunlar şəhərdə  təhlükə yaratdı: Polisə “vur” əmri verildi

Son illərdə sayı sürətlə artan meymunların toplanması səyləri Taylandın Lopburi şəhərində davam edir. Təhlükə yaratdığı üçün polisə meymunları “raqatka” ilə vurmağa icazə verilib.
“Şərq” xarici mediaya istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya ölkələrindən biri olan Taylandın "meymun şəhəri" kimi tanınan Lopburidə sayı sürətlə artan meymunlara qarşı mübarizə davam edir.

Son zamanlar insidentlərin artması ilə Lopburi polisi təhlükə yaradan meymunlara qarşı küçələrdə patrul çəkir.

“Bangkok Post”un məlumatına görə, Lopburi əyalətinin polis rəisi artan insidentlərə cavab olaraq polis əməkdaşlarının aqressiv meymunlara qarşı “raqatka”dan istifadəni təsdiqləyib.

“Covid-19” dövründə bölgəyə gələn turistlərin sayının azalması və bunun nəticəsində qida axtarışı üçün şəhərə soxulan meymunlar yerli əhalinin gündəlik həyatına mənfi təsir göstərir.

Meymunlar yemək axtarmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanların çantalarına və yeməklərinə hücum edir.

Taylandın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyindən verilən açıqlamada meymun hücumlarına məruz qalanlara təzminat ödəniləcəyi, Lopburi şəhər mərkəzində meymunların sayının mərhələli şəkildə azaldılacağı açıqlanıb.

Bölgədəki yerli sakinlər meymunların yaratdığı narahatlığa görə bir çox kiçik müəssisə və ailənin zamanla şəhəri tərk etməli olduqlarını bildiriblər.

Sosial mediada "meymun ovu"na qarşı çıxan bir qrup isə meymunların Lopburi şəhərinin tarixi və ənənəvi simvolu olduğunu müdafiə edirlər.