Buna baxmayaraq, Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və müttəfiqləri Qırmızı dənizdə husilərə qarşı mübarizədə istədikləri uğuru qazana bilmirlər. Husilərin mövqelərinin raket atəşinə tutulması nəticə vermir. Buna baxmayaraq, ABŞ-nin Qırmızı dənizdəki qüvvələrinin komandanı Mark Miqesin sözlərinə görə, husilərin imkanları bir qədər azalıb. Ancaq amerikalı admiral ticarət gəmilərinin nə zaman Qırmızı dənizdə rahat üzəcəyinə dair konkret fikir söyləyə bilməyib. Husilər itkilərinin yerini qısa zamanda doldururlar.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, İran husilərə dəstəyini davam etdirir. Analitik vurğulayıb ki, ABŞ-nin husilərin əlində nə qədər silah olmasına dair məlumatı yoxdur:
"Digər tərəfdən ABŞ husilərlə mübarizəyə kifayət qədər böyük maliyyə xərcləmək məcburiyyətindədir. ABŞ-nin “Eyzenhauer” təyyarə daşıyan gəmisi Qırmızı dənizi tərk edə bilmir. Husilər ticarət gəmilərinə raketlərlə yanaşı dron hücumları da təşkil edirlər. Ticarət gəmilərinin əksəriyyəti bu təhlükəyə görə əvvəlkitək Qırmızı dənizdən yan keçməyə çalışırlar. Halbuki dünya ticarətinin 15 faizi Qırmızı dəniz üzərindən həyata keçirilirdi. Süveyş kanalından istifadə xeyli azalıb. Bu arada, “Politico” nəşri Çinin husiləri dolayı yollarla maliyyələşdirdiyinə dair məqalə yayımlayıb. İran öz neftinin 90 faizini Çinə satır. Burdan əldə edilə gəlirin bir hissəsi isə İslam Keşikçiləri Korpusunun “Qüds” qruplaşmasına çatır ki, onlar bu pulla husiləri silahlandırırlar. Əslində, husilərin dəstəklənməsi Çinin də maraqlarına uyğun deyil. Çünki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Çinin dünya ölkələri ilə apardığı ticarətə mənfi təsir edir. Çin gəmiləri Qırmızı dənizdən yan keçməklə uzun məsafəni seçdiklərinə görə məhsulların qiyməti qalxıb".
Ekspertə görə, buna baxmayaraq, Pekin husilərə dəstək məsələsində Tehrana təzyiq etmir: "Pekinin Tehrandan yeganə xahişi husiləri Çin gəmilərinə hücumlardan çəkindirməkdir. “Bloomberg” agentliyinin məlumatına görə, Rusiya və Çinin İran üzərindən husilərlə şifahi razılaşması var ki, qruplaşma Qırmızı dənizdə Rusiya və Çinə məxsus gəmilərə hücum etməsinlər. Ancaq bır sıra hallarda husilər gəmilərin hansı dövlətə məxsus olduğunu müəyyənləşdirmədən həmin gəmilərə zərbələr endirirlər. Husilər yanlış olaraq bir neçə dəfə Rusiya və Çin gəmilərinə raket atıblar. Ona görə Qırmızı dəniz hətta Rusiya və Çin gəmiləri üçün də təhlükəlidir. Buna baxmayaraq, Moskva və Pekinin husilərə qarşı mübarizə aparmaq fikri yoxdur".