Putin Kadırovu DİN rəhbəri postuna gətirə bilər? - ŞƏRH

O, siyasi fiqurdur, hüquq-mühafizə sahəsində heç bir təcrübəsi yoxdur

"Crocus City Hall"da baş verən terror hadisəsindən istifadə edərək hüquq-mühafizə orqanlarına da yeni adamlar gətirilə bilər”

  Rusiya hökumətində böyük dəyişikliklər planlaşdırılır. "Crocus City Hall"da baş verən terror aktı Rusiya təhlükəsizlik qüvvələri üçün çoxlu suallar yaradıb.
Bu barədə Rusiya mətbuatı yazıb.
Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin bu strukturların fəaliyyətindən narazıdır və bu, yaxın vaxtlarda rəhbərlikdə ciddi dəyişikliklərin olacağı anlamına gəlir. Xüsusən də Daxili İşlər Nazirliyinin gələcək rəhbəri ilə bağlı maraqlı xəbərlər yayılır. Bir aydan az müddətdə Vladimir Putin yeni prezidentlik müddətinə inauqurasiya edəcək, hökumət qanuni olaraq istefa verəcək və bundan sonra yeni fiqurlar məsələsi həll olunacaq.
  Mətbuatda Rusiyanın Daxili İşlər Nazirliyinin rəhbəri postuna əsas üç namizədin adı çəkilir. Bu, hazırda Federal Penitensiar Xidmətin (FSIN) rəhbəri postunu tutan Arkadi Qostev, Putinin keçmiş köməkçisi Dmitri Mironov, üçüncü namizəd isə Çeçenistan rəhbəri Ramzan Kadırovdur: "İlk iki namizəd məntiqli görünürsə, Daxili İşlər Nazirliyində iş təcrübəsinə malikdirlərsə və prezident onlara güvənirsə, Kadırovun namizədliyi bu siyahıdan bir qədər fərqlənir. Birincisi, onun federal səviyyədə işləmək təcrübəsi yoxdur, ikincisi, bu vəzifədə onun iş üsulları səmərəsiz ola bilər". Digər tərəfdən, bildirilir ki, bu gün Rusiya kifayət qədər çətin dövrlərdən keçir və bəzən mövcud vəziyyətə cavab olaraq sərt və ildırım sürəti ilə hərəkətlər etmək lazımdır. Daxili İşlər Nazirliyindəki korrupsioner əlaqələri isə məhz Kadırov məhv edə bilər.
Çeçenistan rəhbəri artıq bir neçə dəfə işindən bir az yorulduğu və getmək istədiyi barədə fikir bildirib. Onun yerinə əvəzlənmək üçün fəal şəkildə danışdıqları barədə də məlumat var idi. Deməli, onun hökumətdə yeni vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbərlər əsassız deyil. Hər halda, Putin bu məsələ ilə bağlı çox tezliklə qərar verəcək.
  Politoloq İlqar Vəlizadə isə "Sherg.az"a açıqlamasında deyib ki, hər şey Putinin səlahiyyətindədir, o isə hər şey edə bilər:

"Rusiyada adətən kadr dəyişikliyi edilərkən vəzifəyə yeni adamlar gətirilir. Hesab edirəm ki, "Crocus City Hall"da baş verən terror hadisəsindən istifadə edərək hüquq-mühafizə orqanlarına da yeni adamlar gətirilə bilər. Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev 15 ildən çoxdur bu vəzifəni icra edir. Ona görə də Moskvada yaşanan terror aktını bəhanə edərək Putinin onu vəzifədən uzaqlaşdırması istisna deyil. Belə bir ehtimal gözləniləndir. Xüsusən də Putinin andiçməsindən sonra hansısa dəyişikliklərin olacağı istisna deyil”.
Putinin Kolokoltsevi kiminlə əvəzləyəcəyinə gəldikdə isə İ.Vəlizadə varislik prinsipinin tətbiq ediləcəyini güman edir: “Yəqin ki, sistemin daxilindəki təcrübəli kadrlardan birini seçəcək. Kənardan təyinat olacağını zənn etmirəm. Xüsusən də Ramzan Kadırovun Rusiyanın Daxili İşlər Nazirliyinin rəhbəri postuna gətiriləcəyi inandırıcı deyil. Kadırov Putinə məhz Çeçenistanda lazımdır. Həm də ki Kadırov siyasi fiqurdur, hüquq-mühafizə sahəsində onun heç bir təcrübəsi yoxdur. Putinə isə peşəkar kadr lazımdır. Bu vəzifə Kolokoltsevin müavinlərindən birinə, yaxud da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisinə həvalə oluna bilər”.