İran-İsrail: Ssenari təkrarlanır - AÇIQLAMA

1991-ci ildə İraq da İsrailə raket atanda ciddi deyildi

Hazırkı İran-İsrail-ABŞ "münasibətləri" çox nöqtədə eyni ssenarinin təkrarlandığını xatırladır

  Aprelin 13-dən 14-nə keçən gecə İranın İsrailə atdığı raketlərdə döyüş başlıqları və partlayıcı maddələr olmayıb. Bu barədə ərəbdilli “Əl-Həds” xəbər agentliyi məlumat yayıb. Agentlik İordaniyaya düşən və döyüş başlığı daşımayan raketlərdən bir neçəsinin fotosunu paylaşıb. Bir sıra iranlı ekspert də Tehranın İsrailə hücumu simulyasiya etdiyini bildiriblər.
  “İran və İsrail arasındakı gərginlik səhnələşdirilmiş tamaşadır”. Bunu isə MHP lideri Dövlət Baxçalı "TRT Haber"ə deyib: “İranın əməliyyatın (aprelin 14-nə keçən gecə İsrailə hücumu) uğurla başa çatdığı barədə bəyanatı maraqlıdır. Bu əməliyyat zamanı atılan raketlərin və dronların tamamilə sıradan çıxarılması və bir nəfərin belə xəsarət almaması müzakirə mövzusudur. Bu, Qəzzada törədilən qətliamı ört-basdır etmək və diqqəti ondan yayındırmaq üçün iki dövlətin ön plana çıxdığı teatr tamaşasına bənzəyir”.
  Yerli şərhçilər də hesab edir ki, bu tamaşada hamı öz rolunu gözəl oynadı, hər bir siyasi aktyor - İran, İsrail və ABŞ karlı çıxdı. İran Dəməşqdəki konsulluğa hücumun qisasını alaraq imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə "zərbə" endirəcəyini elan etməklə bu addımı atdı. İsrail isə Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı. Amerika Birləşmiş Ştatları isə İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi.
Qeyd edək ki, İran İsrail hücuma tam hazır olduğunu elan edəndən, ABŞ və müttəfiqlərinin bu zərbələri dəf etmək üçün İsrailə dəstək verəcəyini açıqlayandan sonra hücuma keçdi.
  Bütün bunlar siyasi şərhçilərdə İranın hücumunun qisas yox, sadəcə, bir “oyun” olması barədə təsəvvür formalaşdırıb. Qeyd edirlər ki, Tehranın iki həftədir İsrailə zərbə endirəcəyi ilə bağlı hədələri, qonşu ölkələrə 72 saat əvvəldən xəbər verməsi, ABŞ-nin hücum gününü, hətta saatını belə bilməsi, “Dəmir Günbəz”in eyni anda havaya buraxıldığı iddia edilən 300 raket və PUA-nın 99 faizini zərərsizləşdirməsi bu münaqişənin idarə olunduğunun aydın sübutu idi.
Belə çıxır ki, İran və İsrail Yaxın Şərqdə eyni siyasəti həyata keçirirlər?
Siyasi şərhçi Tural İrfan isə “Sherg.az"a açıqlamasında deyib ki, hazırda İranla İsrail arasındakı qarşıdurma 30 il əvvəl İraqla İsrail arasında yaşanan ssenarinin təkrarıdır:

“1991-ci ilin yanvar ayında Körfəz müharibəsi zamanı İraq lideri Səddam Hüseyn İsrailə 39 ədəd modifikasiya edilmiş Skat (As Samud) ballistik raketini atdı. İsrailə xeyli ziyan dəydi, rəsmi məlumata görə, 74 sivil insan öldü, 4.100 binaya ciddi ziyan dəydi, 28 bina tamamilə dağıldı. Əsasən Ramat Qan, Xayfa və paytaxt Təl-Əviv şəhərlərini hədəf götürən Səddam Hüseynin məqsədi İsraili özünə qarşı savaşa çəkərək Körfəz savaşının miqyasını ərəb, müsəlman dövlətlərini də cəlb etməklə genişləndirmək idi. Şübhəsiz ki, İraq liderinin niyyətini və nəticəsinin doğuracağı sonluğu nəzərə alan ABŞ hər cürə vəchlə İsrailə təzyiq göstərərək Səddam Hüseynin provakasiyasına cavab verməyə qoymadı. Əgər İsrail cavab verib İraqı bombalasaydı, ABŞ koalisiyasında olan dövlətlər, habelə ərəb dövlətlərinin mövqeyi dəyişib böyük maddi, diplomatik krizisə yol açacaqdı. İsrail də 1981-ci ildə İraqın Fransadan alıb quraşdırdığı nüvə reaktorunu vurmuşdu. İran-İraq savaşında İsrail İraqa silah və hərbi attaşelər ixrac edən öndə gedən dövlətlərdən biri, bəlkə də birincisi idi. İranın 80 faiz silah mühümmatını İsrail təchiz edirdi İraqa qarşı. Ancaq Səddam Hüseynin İsrailə 39 raket atıb ərəb ölkələrinə üz tutaraq "içinizdə kişi varsa, 40-cını da o atsın" deyə çağırış etməsinə rəğmən heç kəsin səsi çıxmadı. Çünki onlar da ABŞ-nin addımlarını izləyirdilər.
  Beləliklə, Səddam Hüseynin cavabı 12 il təxirə düşdü və vaxtilə hakimiyyətə gələndə Səddama dəstək vermiş, Şimali İraq kökənli Kəsnezani təriqəti vasitəsilə İsrail və ABŞ kəşfiyyatı İraq liderinin ailəsinə qədər sızdı. Səddamın həyat yoldaşı, böyük oğlu, hətta birinci müavini İzzəddin İbrahim əl Duri də bu təriqətin "şişbatırma, güllə deşməz" illüziyalarına uyub "mürid - mürşid rabitəsi" kanalı ilə özləri də bilmədən daxili sirləri, hətta Səddamın ailəsinin daxilindəki danışıqları belə zəncirvari şəkildə təriqətin başçısına ötürdülər, o da Mossada.
2003-cü ilin martında İraqa müdaxilə zamanı informasiya naziri Bağdad Hava Limanını tutmuş koalisiya qüvvələrinə gecə sürpriz hazırladıqlarını sevinclə elan etdi. Ancaq sabahı, nə də sonra heç bir hərəkət olmadı, əksinə, ABŞ qüvvələri irəlilədi və bir neçə gün ərzində Bağdad çökdü.
Hazırkı İran - İsrail - ABŞ "münasibətləri" çox nöqtədə eyni ssenarinin təkrarlandığını xatırladır.
Yenə də ABŞ İsrailə təsir göstərərək İrana hücum etməməyi tələb edir.
  İraq da o zaman İsraili, ABŞ-ni Skat raketlərini atarkən məlumatlandırmışdı. İran da indi atarkən məlumatlandırdı. ABŞ-nin İraq ssenarisini xatırlasaq, İsrailin 1981-ci ildə İraqın nüvə obyektlərini vurmasına paralel olaraq indi də İsrail anında cavab verməyəcək, fürsət axtararaq İranın nüvə obyektlərinə zərbə endirməyi nəzərdə tutacaq”.
T.İrfanın sözlərinə görə, 1991-ci ildə İraq da İsrailə raket atanda ciddi deyildi, çünki məqsəd Fələstin məsələsi yox, İraqın öz marağını təmin etmək idi. İndi İranın da İsrail səmalarına dron hücumunu bu qəbildən saymaq olar: “Getdikcə düşən nüfuzunu müsəlman xalqları arasında yüksəltmək, daxildəki problemlərdən diqqəti yayındırmaq və başqa məqsədlərin olması aydındır. Süni yaradılmış xarici düşmən obrazı əgər hiss etsə ki, hücum edən, illərdir üstünə qıcanan ciddidir, onun beynəlxalq maraqlarına maneə yaradır, o zaman İraqla 2003-cü ildəki rəftarı təkrarlayar. İranın İsrailə hazırkı dron hücumuna ABŞ və Avropa ölkələrinin göz yumaraq şərait yaratması İranın nüvə obyektlərinə zərbə vurmaq üçün legitimlik haqqı qazanmaq idi, buna da nail oldular. İndi qaldı zərbənin hansı formada olması və nə vaxt endirilməsi məsələsi. Ona da həm İsrail təhlükəsizlik şurası, həm də ABŞ ortaq qərar verəcək. Burada tələyə düşən İran oldu və heç nə qazanmadı. Həmas-İsrail savaşı yalnız Fələstin dövləti yarandıqda dura bilər. BMT-nin qərarı əsasında, Türkiyənin də, başqa müsəlman ölkələrinin də tərəfdarı olduğu qanuni Fələstin dövləti yaranmalıdır. Bu məsələnin hazırkı dövrdə ikinci bir siyasi həll yolu yoxdur. Hərbi yolla da mümkün deyil. Sadəcə, qan tökülür və problem daha da dərinləşir, dünya üçün qlobal bir müşkülata çevrilir. Əgər İsrail vaxtında paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaranmasına imkan versə idi, bütün ərəb və müsəlman ölkələri ilə münasibətləri də normal, inkişaf etmiş olardı. Ancaq barışmaz mövqe sərgiləməsi Fələstinin ziyanına olmaqla yanaşı özünə də zərbə vurur, problemin daha da dərinləşib uzanması münasibətləri nəinki korlayır, hətta barışmaz həddə gətirib çıxarır. ABŞ özü İsrailin müttəfiqi olmasına baxmayaraq, hazırkı durumla tam barışmır. Hər bir halda qanın durması vacibdir, yarım əsrdən çoxdur ki, müharibə olmasına baxmayaraq, bu məsələnin qan tökməklə həlli görünmür. Daha qorxulusu coğrafi ərazi davasının dini savaşa dönə bilməsi ehtimalıdır. Bir millətin, bir dinin mənsublarının haqqında dərin izlər buraxan mənfi obraz yaranır dünyada. Dünyanın multikultural dəyərlərin inkişafına doğru yol alıb tolerantlıq ənənələrini yaşatmaq niyyətinə xələl gətirən bu savaş çətin sağalan yaralar açır. Odur ki, BMT-nin qətnamələri əsasında addım atılmalıdır. Ancaq onu da unutmaq olmaz ki, İranın atdığı raket və dronlardan İsrildə bir nəfərin belə burnu qanamayıb, demək olar ki, tamamı zərərsizləşdirilib.
  İran əvvəlcədən xəbərdarlıq edərək İsrailin tam hazırlıqlı olmasını təmin etməklə yanaşı diqqəti Həmas-İsrail müharibəsindən ayıra bilib, İsrailə yenidən güc toplama fürsəti tanıyıb.
Diqqəti uşaq ölümlərindən çevirərək süni qəhrəman obrazı yaratmaqla Amerika və İsrail ilə dərin əlaqələrini bu şahmat oyunu ilə təsdiqləyib. İran isə daxildəki rəqiblərini aradan götürmək üçün razılaşdırılmış formada bu addımı atıb”.