HƏMAS-ın İsrailə hücumu İranla yanaşı ABŞ hökumətinə də sərf edirdi -Politoloq

Ağ Ev Tehranın İsrailə hücumu fonunda yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

 Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Əli Zülfüqaroğlu deyib ki, Hazırki ABŞ Hökuməti ilə İran İsraillə bağlı məsələdə koordinasiyalı addım atırlar:
“Bayden və Netenyahu arasında düşmən münasibət, ABŞ və İsrail hökumətləri arasında isə ciddi fikir ayrılıqları var. İran Baydenin hakimiyyətdə qalmasını, Netenyahunun isə hakimiyyətdən getməsini istəyir. ABŞ hökuməti də Netenyahunun hakimiyyətlə vidalaşmasına çalışır. Netenyahu isə İran və ABŞ-nin hazırki hökumətindən fərqli olaraq Trampın hakimiyyətə gəlməsi istiqamətində səylər göstərir. Bunun üçün Birləşmiş Ştatlar daxilindəki sionist lobbi ciddi fəaliyyət aparır. Eyni zamanda Qəzzada məqsədli şəkildə kütləvi qırğınlar törədən Netenyahu bununla Baydeni çıxılmaz duruma salır və onun seçkiöncəsi nüfuzuna zərbə vurur. Belə olan halda seçkidə savaşa qarşı olan kütlənin səsi Baydenə deyil, Trampa gedir. Bu baxımdan HƏMAS-ın İsrailə hücumu İranla yanaşı ABŞ hökumətinə də sərf edirdi. Çünki bununla Netenyahunun nüfuzu ciddi şəkildə zədələndi. HƏMAS-ın girovları azad etməməsi isə Netenyahuya qarşı daxildə etiraz dalğasını körüklədi”.

Ə.Zülfüqaroğlu onu da bildirib ki, ABŞ hökuməti eyni zamanda görüntü olaraq İranın İsrailə hücumuna cavab verməli idi: 
“Bunun ən zərərsiz yolu İranın raket və dron proqramlarını əhatə edən yeni sanksiyalardır. Bununla da Ağ Ev həm İrana qarşı həmlə görüntüsü yaradaraq Tehranla uzlaşmış olur, həm də İsrail xalqının yanında olduğu mesajını verir. ABŞ-dəki seçkiyə qədər belə oyunların davam edəcəyini əminliklə söyləyə bilərik. Bu sanksiyalara Avropa İttifaqının da qoşulacağı istisna edilmir. Amma bütün bunlar heç nəyi dəyişməyəcək. Yaxın Şərqdə ABŞ və İran ənənəvi siyasətlərini davam etdirəcəklər”.

Yusif Məmmədxanlı