Böyük müharibənin anonsu verildi

NATO nümayəndələri məsləhətçi qismində artıq çoxdan müharibə zonasındadır


  Moskva açıq şəkildə bəyan edib ki, NATO qüvvələri Ukraynaya gətirilərsə, Rusiya ilə silahlı münaqişə yaranacaq. Bunu britaniyalı ekspert Aleksandr Merkuris deyib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti taktiki nüvə silahlarının daxil olduğu təlimlərə başlayır və Qərb ordularının Ukrayna ərazisinə mümkün yerləşdirilməsinə hazırlaşır:
“Bu, Ukrayna ordusunun NATO silahları ilə Rusiya ərazisinə zərbə endirməyə, həmçinin öz qoşunlarını Ukraynaya göndərməyə çağıran Qərb siyasətçilərinə cavabdır”. Qeyd edək ki, dəfələrlə Rusiya rəhbərliyi tərəfindən  bu cür bəyanatlar verilib ki, Alyans ölkələrinin hərbi qüvvələri Ukrayna ərazisində peyda olarsa, Rusiya ilə NATO arasında münaqişə qaçılmazdır.

  NATO-nun Ukraynaya qoşun göndərmə ehtimalının az olduğunu vurğulayan siyasi şərhçi Azər Rəşidoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki, həqiqətən belə bir hadisə baş versə, bu, cavab addımlarına səbəb ola bilər: 

“NATO nümayəndələri məsləhətçi qismində artıq çoxdan müharibə zonasındadır. Bununla bağlı Rusiya tərəfinin reaksiyası da bəllidir. Lakin NATO hərbi qüvvələrini Ukraynaya çıxara biləcəyini düşünmürəm. Ancaq ictimai rəyə təsir etmək üçün ABŞ konqresinin özündə də Ukraynaya qoşun göndərməyin vacibliyi arqumentindən tez-tez istifadə olunur. İndiki halda da Qərbdə belə fikir ifadə olunur ki, Ukraynaya pul verməsək, sonra daha ciddi problemlər yaşana bilər. Bütün hallarda Ukraynaya qoşun göndərilməsi baş verərsə, bu artıq o demək olacaq ki,  NATO müharibəyə qoşulur. Lakin Rusiyanın imkanları Ukrayna ilə müqayisədə bir neçə dəfə çoxdur. ABŞ hərbi yardımı artırmasa, Kiyevin vəziyyəti ağır olacaq. ABŞ-nin anbarlarında istifadə olunmayan 6 min tankı və 1200 təyyarəsi var. Onların heç olmasa 10 faizini versə, Ukrayna döyüşə bilər. Amma vermirlər. Ona görə də Ukraynanın vəziyyəti yardımlara baxmayaraq, heç də ürəkaçan deyil. Belə vəziyyətdə onun müharibədə dönüş yaradacağı inandırıcı görünmür. Ən yaxşı halda Qərb Ukraynaya maliyyə yardımını artıra bilər”.