Vulkanda manqal keyfi: 500 dərəcə istidə yemək bişirilir

İspaniyanın Kanar adalarında Las-Palmas əyalətinə bağlı Lanzarote adasında qəribə restoran fəaliyyət göstərir. Bu restoranın sobası vulkan ocağının tam üzərinə yerləşdirilib. Bu restoranda ət, balıq yeməkləri çıtır-çıtır yanan vulkan ocağının istisiylə bişirilir. 
“Sherg.az” Milliyet.com.tr”yə istinadən xəbər verir ki, restoran sahibi bunu “yanardağ bişirmə üsulu” adlandırıb. Və restorana gələnlərə vulkan atəşində bişmiş ət, balıq təklif edilir. Restoran “El Diablo” (Şeytan) adlanır. Tökmə dəmirdən düzəldilən soba altında vulkan ocağı olan  böyük bir dəlikdən 1,8 metr hündürlükdə yerləşdirilib. Burada temperatur 500 dərəcəyə çatır. Altdan vuran isti yeməkləri saniyələr içində hazır hala gətirir. Bu restoran və soba memar Cesar Manrique tərəfindən layihələndirilib. Yeməklər vulkan ocağının geotermal istisiylə bişirilir. Restoranın meneceri Julio Padron vulkanın ilin 365 günü fasiləsiz isti verdiyini deyib. Sobanı işlətməzdən əvvəl restoran sahibi alimlərdən rəy alıb və onlar geotermal istidən faydalanmağın mümkün olduğunu bildiriblər. Üzərində soba yerləşən vulkan sonuncu dəfə 1824-cü ildə püskürüb. O vaxtdan bugünədək havaya ancaq isti ötürür. Arada palçıq vulkanlarında olduğu kimi qabarcıqlar çıxır. Lakin təhlükəsiz hesab edilir.