ABŞ Çinin güclənməsindən narahatdır -ŞƏRH

ABŞ və Çin müdafiə nazirləri ikiillik fasilədən sonra görüşəcəklər.
“Financial Times”dan verilən məlumata görə Pentaqon rəhbəri Lloyd Ostin və Çinin müdafiə naziri Don Cün mayın 31-i Sinqapurda keçiriləcək “Shangri-la Dialoqu” müdafiə forumu çərçivəsində bir araya gələcəklər.
Qeyd edək ki, Ötən ilin noyabrında San-Fransiskoda ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin arasında münasibətlərin normallaşması ilə bağlı keçirilmiş görüş zamanı hərbi əlaqələrin yenidən bərpası barədə razılıq əldə olunub.

Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, ABŞ və Çinin bir çox məsələdə maraqları toqquşur:
"İki dövləti maraqlandıran əsas istiqamətlər Sakit Okean ölkələri, xüsusilə Tayvan məsələsidir. Çin hazırda həm iqtisadi, həm də hərbi cəhətdən dünyanın ən güclü ölkələrindən biridir və nüfuzu getdikcə artmaqdadır. Çinin güclənməsindən narahat olan ABŞ onun gücünü azaltmağa çalışır. Bu yaxınlarda da ABŞ dövlət katibi Çinə səfər etdi. Səfərdən çox şey gözlənilsə də, görüşdə tərəflər razılışa bilmədi". 

Analitik əlavə edib ki, ABŞ-nin Tayvana həm siyasi, həm də iqtisadi dəstək verməsi Çini narahat edir:
"Ağ Ev bir tərəfdən Pekinin Vahid Çin ideyasına etiraz etməsə də, digər tərəfdən Tayvanın Pekinin nəzarəti altına keçməsinə qarşı çıxır. ABŞ burada Tayvana hərbi dəstək verərək bölgədə öz maraqlarını təmin etməyə çalışır. Son illər Çinin hərbi sahədə güclənməsi, xüsusilə  ticarət donanmasının ABŞ-nin ticarət donanmasına yaxınlaşması Vaşinqtonu narahat edir. Düşünürəm ki, görüşün tərəflər arasındakı münasibətlərə yaxşı təsiri olsa da, ABŞ-Çin gərginliyini yumşaltmayacaq".