Makron Yeni Kaledoniyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfər edəcək.

APA BFMTV kanalına istinadən xəbər verir ki, bunu hökumət sözçüsü Prisca Thevenot deyib.

Fransa Prezidentinin səfərini bu gün axşam gerçəkləşdirəcəyi vurğulanıb.

Hökumət sözçüsü səfərin "missiya" qurmaq məqsədilə həyata keçirildiyini qeyd edib. O əlavə edib ki, Prezident Makron paytaxt Numeaya bir qrup yüksək vəzifəli məmurla uçacaq.

Kanal Baş nazir Qabriel Attalın da Yeni Kaledoniyaya gedəcəyini, lakin səfərin iyunun 9-da Fransada keçirilməsi planlaşdırılan Avropa Parlamenti seçkilərinin nəticələrindən əvvəl gözlənilmədiyini bildirib.

Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var.

Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib.

Bundan sonra etirazlar başlayıb.

Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yeridib.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib.