ABŞ  əlindən gələni edir ki, hərbi yardım Ukraynaya çatsın - Blinken

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü sürətləndirmək üçün bütün tədbirləri görür.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"Sizi əmin edə bilərəm ki, biz ukraynalılara [hərbi] yardımın birbaşa çatdırılmasını sürətləndirmək üçün əlimizdən gələni edirik ki, yardım onlara çatsın", - deyə A.Blinken ABŞ Senatının Təxsisatlar Komitəsində Vaşinqtonun Kiyevə silah ötürməsi ilə bağlı məsələləri şərh edərkən qeyd edib.

Eyni zamanda o, senator Syuzan Kollinzin Amerika administrasiyasının Kiyevə müəyyən iri silah sistemləri vermə prosesini ləngitməsi ilə bağlı qınaqlarını rədd edib. "Mənim bu məsələyə sizin dediyinizdən fərqli baxışım var," - deyə A.Blinken bildirib.

“Bildiyiniz kimi, vacib olan təkcə silah sistemləri deyil, biz onlardan istifadə ilə bağlı təlim keçirməliyik”, - deyə dövlət katibi bildirib.