Analitik: Bu bir daha baş verərsə Prezidentin veto hüququnun effekti olmayacaq

Gürcüstanda “Xarici təsir” qanununu spiker imzalayacaq

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki Qanun dünən Prezident Administrasiyasına göndərilib. Böyük ehtimal ki, o qanunu imzalamayacaq, ona görə də qanunu mən özüm imzalayacam”, - Papuaşvili deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.

Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Papuaşvili bu fikirləri obrazlı şəkildə ifadə edib:
"Papuaşvili bununla Gürcüstanın parlamentli Respublika olduğunu, son sözün parlamentin olduğunu dolayı yolla demək istəyib. Biz bilirik ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı prezidentlə parlament arasında problemlər dəfələrlə ortaya çıxıb. Hətta bir ara parlament nümayəndələri Zurabişvilini vəzifəsindən kənarlaşdırmaq istəyirdilər. Lakin son anda Ali Məhkəmə bunun qarşısını aldı. Hazırda bəzi parlament nümayəndələri Zurabişvilini Qərbə işləməkdə, vətənə xəyanətdə ittiham edir". 

Ekspert əlavə edib ki, Parlament yenidən bu qanun layihəsininin lehinə səs versə, Prezidentin veto hüququnun effekti olmayacaq:
"Qərbin Gürcüstandakı hadisələrə münasibətinə gəldikdə isə kollektiv Qərb “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı Gürcüstan hökumətinə dəfələrlə xəbərdarlıq edib. Həm ABŞ, həm də Avropa ölkələri rəsmi Tbilisiyə Qərbə inteqrasiyadan üz döndərib Rusiyaya meyil edərsə bunun ağır nəticələri olacağını dəfələrlə bildirib".