Qaynar proses: ABŞ-Gürcüstan münasibətlərini nə gözləyir?

Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar

 “Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir”

  Gürcüstanda qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” Qanunu ölkə Prezidenti Salome Zurabişvilinin əvəzinə parlamentin spikeri Şalva Papuaşvili imzalaya bilər.
Bu barədə Papuaşvili TASS-a açıqlama verib. Onun sözlərinə görə, sənəd mayın 28-də imzalanması üçün Prezident Administrasiyasına göndərilib, lakin dövlət başçısının onu imzalamayacağı gözlənilir: “Hazırda sənədin imzalanmasını gözləyirik. Aydındır ki, Zurabişvili böyük ehtimalla onu imzalamayacaq. Ona görə də qanunu mən imzalayacağam”. Qeyd edək ki, prosedura əsasən, qanun veto ləğv olunduqdan sonra 3 gün ərzində yenidən imzalanması üçün prezidentə göndərilir. Əgər dövlət başçısı 5 gün ərzində onu imzalamazsa, qanun parlamentin spikeri tərəfindən imzalanır və qüvvəyə minir.
Onu da xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə mətbuat konfransında bildirib ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına əngəl olacaq.
  M.Millerin sözlərinə görə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. Bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur".
  Maraqlıdır, qanunun təsdiqindən sonra ABŞ-Gürcüstan münasibətləri hansı səviyyəyə yönələcək? Vaşinqtonun Tbilisiyə sanksiyalar tətbiq etməsi nə dərəcə realdır?
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, uzun müddətdir Gürcüstanda qaynar prosesə start verilib. Avropanın kollektiv şəkildə "Xarici agentlər haqqında" qanunu pisləməsi onu göstərir ki, tərəflər "haqq-hesab gününə" hazırlaşırlar: “Fikrimcə, məsələ sanksiyalara qədər gedib çatmaz. Amma "Gürcü Arzusu" üçün ciddi sınaqlar gözlənilir. Xüsusən Saakaşvili ilə bağlı məsələ Avropa İttifaqına üzvlük məsələsində "çəkic" rolunu oynaya bilər. Həmçinin gürcü cəmiyyətində "Şengen vizası", Avropaya asan gediş-gəliş və azad biznes strukturları rəsmi Tbilisiyə təzyiqi təşkil etmək baxımından Qərbin əlində ciddi kozurlardır”.
  Q.Hüseynlinin sözlərinə görə, Gürcüstan hökuməti ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir. Bunun üçün də təklif edir ki, ABŞ Gürcüstan istiqamətində dəsti-xəttini dəyişdirsin, Gürcüstanın daxili işlərinə qarışmasın: “Əgər bu gün Gürcüstan ABŞ-nin şərtlərini yerinə yetirsə, onların tələbləri ilə oturub-dursa, cari siyasətində dəyişiklik etməli olacaq. Yəni Gürcüstanın sabah hansısa bir qanun layihəsi və yaxud da digər addımlar atmaq ərəfəsində yenə də ABŞ-nin təzyiqləri ola bilər. Bu artıq bir reallıqdır ki, qərbin təsir dairəsində olan hansısa bir ölkə müstəqil siyasət yürütməyə başlayanda təhdidlər artır. Bir sözlə, bu gün Gürcüstan qərbin təzyiqlərinə boyun əyərək sözügedən qanunun təsdiqindən imtina etsə, sabah da qərbin tələblərinə boyun əyməli olacaq. Bu halda da Gürcüstanın suverenliyindən danışmaq olmaz”.