Rusiyanın iştirak etmədiyi sülh platformasında sülhün əldə edilməsi imkansızdır -TƏHLİL

Ukrayna prezidenti ölkəsində müharibənin bitməsinə dair beynəlxalq sammitin keçiriləcəyini bildirib.
Tədbir İsveçrənin Bürgenstok şəhərində baş tutmalıdır.
"Sammitin təşkili Ukrayna və İsveçrə tərəflərinin koordinasiyalı səylərinin nəticəsidir. Burada bütün qitələrdən ölkə liderləri və hökumət başçıları iştirak edəcək. Bu tədbirin işinin əsası Ukrayna sülh düsturunu hazırlamaq üçün Prezident Aparatının təşəbbüsü ilə milli təhlükəsizlik müşavirlərinin bir sıra beynəlxalq görüşləri zamanı hazırlanıb və razılaşdırılıb”, - deyə rəsmi məlumatda qeyd olunub.

Rusiya tərəfi sammitdə iştirak etmir. Martın 13-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva nümayəndələri ora dəvət olunsa belə, Rusiya İsveçrə sammitində iştirakdan imtina edəcək. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında bildirib ki, Rusiya Ukrayna istiqamətində və Qərblə münasibətlərdə öz maraqlarını müdafiə edəcək. 

“Bunu ünsiyyətdə olduğumuz demək olar ki, bütün xarici həmkarlarımız başa düşür”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, İsveçrədə Ukrayna üzrə sammitin təşkilatçıları heç bir perspektivi olmayan açıq cəfəngiyatla məşğuldurlar.

Rusiya Qərbin Ukraynaya uzaqmənzilli silah tədarükünü artırmasını onların ciddi danışıqlara hazır olmadığına işarə kimi qəbul edir: “Bu o deməkdir ki, onlar döyüş meydanında hesablaşmanın lehinə seçim ediblər”.


Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Elmir Səftərov qeyd edib ki, İsveçrədə keçiriləcək Ukraynanın Sülh Sammiti Rusiyanın iştirakı olmadan təşkil olunduğu üçün müharibənin yekunlaşmasına gətirib çıxaracağı ehtimalı olduqca aşağıdır: 
“Bu sammit sülh təşəbbüslərinin bir hissəsi olmaqdansa, Qərbin Ukraynaya dəstəyini artıracaq siyasi həmrəylik platforması kimi diqqətləri cəlb edəcək. Çünki Rusiyanın iştirak etmədiyi sülh platformasında sülhün əldə edilməsi imkansızdır və bu, simvolik xarakter daşıyır. Bu cür birtərəfli məsləhətləşələr münaqişənin həlli istiqamətindəki addımlara mənfi təsir edəcək, sülhə olan ümidləri isə heçə endirəcək. Qlobal iqtisadi güc mərkəzlərindən biri olan Çinin də əsas narahatlığı bununla bağlıdır ki, sülhün əldə edilməsi üçün obyektiv yanaşmalar vacibdir. Halbuki münaqişənin əsas tərəflərindən olan Rusiyanın iştirakı olmadan keçirilən bu cür sammitlər dünyada geniş şəkildə qəbul edilən beynəlxalq sülh sammitinin önəmini heçə endirir, səyləri də faydasızlaşdırır. Ona görə də əgər Qərb həqiqətən də sülhün əldə olunmasına çalışırsa, Rusiyanın da iştirak edəcəyi bir platformanın olmasına səy göstərməli və qərəzli yanaşmalardan çəkinməlidir”.

Ekspert qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində 30 il torpaqları işğal altında qalan, 1 milyondan artıq vətəndaşı məcburi köçkün, 4 minə yaxın insanı isə itkin düşən Azərbaycan Qərbin ikili standartlarından, qərəzli yanaşmalarından ən çox əziyyət çəkən dövlətlərdəndir:
“Hətta müharibədən sonra keçmiş münaqişənin sülh yolu ilə həllinə dəstək vermək üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və birtərəfli formada Ermənistanın işğalına haqq qazandırması Qərbin əsl simasını o dövrdə də üzə çıxarmışdı. Minsk qrupu faktiki olaraq Azərbaycan torpaqlarının erməni işğalında qalması üçün status-kvonu saxlamaq üçün əlindən gələn hər şeyi edirdi. Lakin beynəlxalq hüququn işləmədiyi və hansısa dövlətlərin maraqlarına xidmət edən təşkilatların münaqişənin həllində heç bir rol oynamadığı üçün Azərbaycanın torpaqlarını öz gücünə işğaldan azad etməkdən başqa yolu qalmadı. Bu səbəbdən də tərəflər öz problemlərini özləri həll etməyə çalışmalı, kənar müdaxilələrə imkan verməməlidirlər. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda Qərbin bu savaşın bitməsini istəməsindan çox, davam etməsinin tərəfdarı olduğu görünür”.