NATO rəsmisi nəbz yoxlayır: Çinə ismarış! 

NATO Baş katibi Yens Stoltenberq Britaniyanın “Teleqraf” qəzetinə deyib ki, NATO Rusiya və Çindən artan təhlükəyə qarşı nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirmək - daha çox nüvə silahı yerləşdirmək, onları anbardan çıxarmaq və gözləmə rejimində saxlamaq üçün danışıqlar aparır. 

Xatırladaq ki, Y.Stoltenberq keçən həftə nüvə silahlarının NATO-nun son təhlükəsizlik zəmanəti və sülhü qorumaq vasitəsi olduğunu söyləmişdi.

Politoloq Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, Y.Stoltenberqin açıqlaması Rusiyanın təhdidlərinə cavabdır:

"Rusiya-Ukranya müharibəsində Rusiyanın üstünlüyü Avropa ölkələrinin təhlükəsizliyini təhdid edir. Hesab edirəm ki, Stoltenberqin fikirləri Kremlin təhdid kimi açıqlamalarına cavabdır. Lakin taktiki nüvə başlıqlarının istifadəyə hazırlanması onun istifadə ediləcəyinin təminatını vermir.  Nəzərə almalıyıq ki, soyuq müharibə dövründə bu silahlar daim istifadəyə hazır olub. Hətta SSRİ və ABŞ arasında Kuba raket böhranı yaşanıb. Bu səbəbdən Y.Stoltenberqin açıqlaması yeni bir şey deyil. Sadəcə olaraq həm NATO, həm də Şərq bloku belə açıqlamalarla bir-birinin nəbzini yoxlayır".

Ekspert əlavə edib ki, Stoltenberqin açıqlaması Çinə mesajdır. Yəni
Çini Rusiyanın yanında olmasına görə açıq hədəfə çevrilməsi ilə bağlı xəbərdar edir.