Vladimir Putin və Şimali Koreya lideri arasında görüş olub

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Pxenyanda baş tutan və nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar təxminən bir saat yarım davam edib.

Görüşdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Rusiyanın dünyadakı rolunu qeyd edib və xüsusi hərbi əməliyyatı (Ukraynada apardığı müharibə -red.) tam dəstəklədiyini bildirib.

“Koreya Xalq Demokratik Respublikasının hökuməti güclü Rusiya Federasiyasının dünyada strateji sabitliyin və tarazlığın qorunmasında mühüm missiyasını və rolunu yüksək qiymətləndirir, həmçinin Rusiya hökumətinə, ordusuna və xalqına suverenlik, təhlükəsizlik maraqları, eləcə də ərazi bütövlüyünü qorumaq üçün Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsində tam dəstək və həmrəylik ifadə edir”, - deyə Kim Çen In vurğulayıb.

O əlavə edib ki, dünyada vəziyyət sürətlə dəyişir və mürəkkəbləşir, bu şəraitdə Pxenyan Moskva ilə strateji əlaqəni gücləndirmək niyyətindədir.

Kim Çen In əmin edib ki, KXDR Rusiyanın bütün siyasətini qeyd-şərtsiz dəstəkləyəcək. O, bütün sahələrdə əməkdaşlığın və qarşılıqlı mübadilənin genişləndirilməsi ilə bağlı konstruktiv fikir mübadiləsinin mümkün olacağına ümid etdiyini bildirib.

Putin isə öz növbəsində qeyd edib ki, Moskva Pxenyanın, o cümlədən Ukrayna istiqamətində ardıcıl və daimi dəstəyini yüksək qiymətləndirir.

O, əvvəlki nəsillərin şücaətini bu gün Rusiya ilə KXDR arasında münasibətlərin inkişafı üçün yaxşı əsas adlandırıb.

Putin, həmçinin bildirib ki, Moskva ilə Pxenyan arasında uzun illər münasibətlərin əsasını təşkil edəcək yeni fundamental sənəd hazırdır.

İki liderin qısa çıxış bəyanatlarından sonra görüş mətbuata qapalı davam edib.

Daha sonra Putinlə Kim Çen In arasında təkbətək formatda görüş keçirilib.