Putin-Ərdoğan görüşündə hansı məsələlər müzakirə ediləcək? -PƏRDƏARXASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

"Habertürk" telekanalından yayılan məlumata görə bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalında kürd bölgələrindəki qondarma seçkilər kimi məsələlər daxil ola bilər.

Qeyd edək ki, daha öncə də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iki liderin Astanada görüşə biləcəyi barədə məlumat verib.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya və Türkiyə dövlət başçılarının arasında baş tutacaq görüş uzun müddətdir planlaşdırılır:
"Bu görüşün təşkili istiqamətində uzun müddətdən bəri səylər göstərilir. Görüşdə müzakirə oluna biləcək bir çox məsələ var. Bunlara Ukraynadakı münaqişə, Cənubi Qafqazdakı vəziyyət, taxıl tədarükü kontekstində Qara dənizdə qaz ticarəti mövzusu kimi nümunələr gətirmək olar. Hesab edirəm ki, görüşdəki əsas mövzulardan biri də ikitərəfli münasibətlərin  səviyyəsinin müəyyən edilməsi olacaq. Çünki Türkiyə həm Rusiya, həm də Qərblə münasibətlərinin inkişaf etdirməyə maraqlıdır. Hətta Türkiyə bir müddətdir ki, Rusiya ərazisinə daha büyük məbləğdə investisiya yatırmaq istəyir". 

Ekspert əlavə edib ki, hazırda Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi gündəmdədir:
"Rusiya Türkiyənin ŞƏT-ə üzv olmasında maraqlıdır. Biz bilirik ki, Çinin də bu məsələyə münasibəti müsbətdir. Qeyd edək ki, Türkiyə BRICS-ə üzv olmaq üçün müəyyən addımlar atmağa başlayıb. BRICS ölkələri, xüsusilə də Rusiya Türkiyənin üzvlüyünə dəstək verməyə çalışır. Qərb isə Türkiyənin BRICS-ə üzvlüyü məsələsindən ciddi şəkildə narahatdır. Çünki Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir. Rəsmi Ankaranın Qərb blokundan uzaqlaşıb Şərq blokuna yaxınlaşması Qərb üçün böyük itki olar. Hesab edirəm ki, baş tutacaq görüş bu səbəblərdən böyük əhəmiyyət daşıyır".