Ermənistana 75 milyon avroluq dəstək: Fransa "bacısı"na sədəqə verir? -RƏY

Fransanın İnkişaf Agentliyi Asiya İnkişaf Bankının dəstəyi ilə büdcə kəsirinin kompensasiyası üçün Ermənistana 75 milyon avro həcmində kredit ayıracaq.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu barədə sənədin iyunun 26-da imzalanacağı planlaşdırılır. 

Fransanın sözügedən dəstəyini “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Ermənistanın dövlət büdcəsində ciddi kəsirlər yaranıb:

“Bu gün Ermənistan nə qədər Rusiyaya qarşı siyasət həyata keçirsə də, faktiki olaraq rəsmi İrəvan Moskvadan hələ də kifayət qədər asılı vəziyyətdədir. Özəlliklə Rusiyanın Ermənistan iqtisadiyyatında təsir gücü kifayət qədər çoxdur. Ermənistan dövlət büdcəsinə daxil olmaların əsas məbləği birbaşa Rusiya istiqamətindən gəlir. Ona görə də Ermənistanın bu gün Rusiya bazarından bu qədər asılılığı və rəsmi Moskvanın  İrəvan iqtisadiyyatından əzici üstünlüyə malik olması Ermənistanın iqtisadi baxımdan da Qərbdən yeni dividendlər tələb etməsinə səbəb olur. Belə situasiyada Ermənistanın əsas niyyətlərindən biri Fransa və onun vasitəsilə də başqa xarici qüvvələrdən yeni iqtisadi daxilolmalara nail olmaqdır. Buna görə də artıq uzun müddətdir Ermənistandakı sorosçu hakimiyyətlə dövlət arasında danışıqlar gedirdi. Diqqət etsək, görərik ki, Nikol Paşinyan iqtisadi sahədəki dövlət qurumlarına uzunmüddətli kadrlar təyin edə bilmir. Çünki həqiqətən də Ermənistanda bu sahədə çox ciddi problemlər var. Bu baxımdan 75  milyon avro həcmində kredit ayrılması əslində Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmaq məqsədi daşıyır. Eyni zamanda hazırkı Ermənistan hakimiyyətinin iqtisadi siyasətinin nə qədər iflic vəziyyətdə olduğunu göstərir”.