Britaniya kralı Rişi Sunakın istefasını qəbul edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Baş nazir Rişi Sunakın istefasını qəbul edib.

APA “BBC“-yə istinadən xəbər verir ki, bu barədə Bukinhem sarayı rəsmi məlumat yayıb.

“Hörmətli Parlament üzvü Rişi Sunak səhər saatlarında kralla görüşüb, Baş nazir vəzifəsindən istefasını ona təqdim edib. Əlahəzrət kral onun istefasını məmnunluqla qəbul edib”, - məlumatda deyilir.

Saraydan o da bildirilib ki, leyboristlərin lideri Kir Starmer tezliklə kralı ziyarət etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.