Fillər turisti tapdaladı

“Balalara yaxın gəlmə!”

  Cənubi Afrikada safari gəzintisinə çıxan turistlərdən birinin həyatı faciəylə sonlanıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, “Pilanesberg” Milli Parkında safari gəzintisinə çıxan turistlərin qarşısına fil sürüsü çıxıb. Sürünün arasında bala fillərin də olması turistlərin diqqətini çəkib və turistlərdən biri avtomobildən düşərək onların fotosunu çəkmək istəyib. Safari rəhbəri ehtiyatlanaraq bunun təhlükəli olduğunu deyib və turisti fikrindən daşınmağa çağırıb. İspan turistsə xəbərdarlığa məhəl qoymayıb. Avtomobildən enərək fil sürüsünə yaxınlaşmaq istəyərkən ana fil ona hücum çəkib. Ana filin hücum çəkdiyini görən sürüdəki digər fillər də turistin üzərinə yeriyərək onu tapdalamağa başlayıblar. Safari rəhbəri havaya atəş açaraq filləri oradan uzaqlaşdırıb. 45 yaşlı turist təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib. Yerli orqanların nümayəndəsi Pieter Nel mediaya açıqlamasında sürüdə bala fillər olduğu üçün ana filin həyəcanlanaraq hücuma keçdiyini deyib. “Sürüdə bala fillər olarkən ana fillər çox narahat olur, ani təhlükə onların təlaşına səbəb olur və hücuma keçə bilirlər. Təəssüf ki, turistlər çox zaman xəbərdarlıqlara məhəl qoymur”, deyib.