İraqlı nazir: Yaxın Şərqdə müharibə qlobal enerji böhranına səbəb olacaq

Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi və onun genişmiqyaslı müharibəyə çevrilməsi enerji sektorunda qlobal böhrana səbəb olacaq.

APA xəbər verir ki, bu xəbərdarlığı İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında edib.

“Regionda genişmiqyaslı müharibənin başlaması enerji ixracına və qlobal gəmiçilik fəaliyyətinə son dərəcə mənfi təsir göstərəcək və bununla da qlobal enerji böhranına səbəb olacaq” - Shafaq News portalı Hüseynə istinadən belə xəbər verib.

Xarici işlər naziri vurğulayıb ki, İraq hakimiyyəti öz ölkələrinin ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı hücumlar üçün istifadə edilməsini qəbuledilməz hesab edir.

O, eyni zamanda bildirib ki, İraqı potensial regional münaqişədə hər hansı iştirakdan qorumaq üçün bütün səyləri göstərir.

Hüseyn İsrailin İran ərazisinə zərbə endirməyə hazırlaşmasını təhlükəli addım hesab etdiyini bildirib, həmçinin Qəzza zolağı və Livanda hərbi əməliyyatların davam etməsinin bütün regionun sabitliyini təhdid etdiyi barədə xəbərdarlıq edib. Fuad Hüseyn əməliyyatların dərhal dayandırılmasını istəyib.