Mer: Gürcüstanda ikinci cəbhənin açılmasına heç vaxt imkan verilməyəcək

“Gürcülərlə azərbaycanlılar arasında əsrlərə dayanan dinc birgəyaşayış ənənələri və qardaşlıq əlaqələri mövcuddur. Biz bu ənənələrin qorunub saxlanılması üçün əlimizdən gələni edəcəyik”.

Bunu APA-ya açıqlamasında Bolnisi bələdiyyəsinin meri, hakim “Gürcü Arzusu” partiyasının Bolnisi, Dmanisi, Tetrickaro və Tsalka rayonlarından namizədi Davit Şerazadaşvili deyib. O, Gürcüstan hakimiyyətinin ölkədə və regionda sülhü və əminamanlığı qorumaq siyasəti yürütdüyünü, regionda gərginlik yaratmağa çalışan “qlobal müharibə partiyası”na boyun əyməyəcəyini vurğulayıb.

“26 oktyabrda ölkəmizdə həlledici əhəmiyyətli parlament seçkiləri keçiriləcək. Əminliklə deyə bilərəm ki, “Gürcü Arzusu”nun hakimiyyəti illərində biz əhalimizin rifahının yaxşılaşdırılması istiqamətində bir çox layihələr həyata keçirmişik. Əhalimiz üçün həm vacib infrastruktur layihələri, həm də bir çox sosial proqramlar həyata keçirmişik. Təbii ki, bu proses davam etdiriləcək. Bizim əhalimiz arasında azərbaycanlı vətəndaşlarımız çoxluq təşkil edir və əsrlərə dayanan birgəyaşayış, qarşılıqlı hörmət bizi birləşdirir. Bu bizim bələdiyyəmiz üçün çox vacibdir. Bunu davam etdirə bilməyimiz üçün ölkəmizdə sülhün qorunması vacibdir. Regionda və dünyada nələr baş verdiyini görürük. Ukrayna və Rusiya arasında müharibə davam edir. Bu mühüribə Ukraynaya yaxşı heç nə gətirmədi, əksinə əraziləri işğal olundu, bir çox insan həlak oldu. Sabah nə baş verəcəyini, bu münaqişənin hansı yolla sonlanacağını heçkəs bilmir. Bizim müxalifət və onlara dəstək olan xarici güclər Gürcüstanda ikinci cəbhənin açılmasını istəyirlər, ancaq bu heç vaxt baş verməyəcək. Bizim ölkəmizə sülh, stabillik və iqdisadi inkişaf lazımdır. Biz mütləq bu seçkilərdə böyük fərq ilə qalib gələcəyik və həyatımız normal axarında davam etdirəcəyik”, - Davit Şerazadaşvili deyib.