ABŞ-dakı seçkinin nəticələrini qərarsız vətəndaşların səsləri müəyyənləşdirəcək -ANALİTİK

ABŞ prezidentliyi uğrunda mübarizə aparan respublikaçı Donald Tramp və demokrat Kamala Harrisin reytinqi açıqlanıb. NBC-nin keçirdiyi son sorğuda namizədlərin eyni səs aldıqları üzə çıxıb. Belə ki, Tramp kişilər arasında daha populyardır – 58% onu dəstəkləyir, cəmi 40% Harrisə səs verəcəyini bildirib. Qadınlar arasında isə Harris 57%, Tramp 41% səs toplayıb. Qaradərili seçicilər böyük çoxluqla Harrisin tərəfindədir – 87%; Tramp isə qaradərililərin cəmi 9%-dən müsbət cavab alıb. Harris həmçinin 30 yaşdan kiçik seçicilər (57%; Tramp - 41%) və ağdərili kollec təhsilli seçicilər arasında (55%; Tramp 43%) Trampdan öndədir. Tramp isə əyalət seçiciləri (75%; Harris 23%), ağdərili seçicilər (56%; Harris 42%) və kollec diplomu olmayan ağdərili seçicilər (64%; Harris 34%) arasında liderlik edir.

Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, ABŞ-da sabah keçiriləcək seçkiləri analiz edən müxtəlif beyin mərkəzlərinin, media qurumlarının fərqli nəticələrinin şahidi olsaq da, əvvəlki təcrübələrin buna güvənməmək lazım olduğu ehtimalını da nəzərdə saxlamaq lazımdır:

“Seçki prosesinin ilk aylarına nəzər salsaq, Respublikaçıların namizədi Donald Trampın üstünlük qazandığını, Co Baydenin çəkilməsindən sonra isə Demokratların namizədi, vitse-prezident Kamala Harrisin 3-4 faiz öndə çıxdığı görünsə də, hazırkı nəticələrdə bərabərlik və ya çox cüzi üstünlüklər müşahidə edildiyinin şahidi olarıq. Əvvəlki seçkilərdə ehtimal edilən namizədlərin seçilmə şansında ciddi fərqlər anketlərdə görünsə də, budəfəki seçkilərdə istər xarici ekspertlər, istərsə də ABŞ-dakı siyasi analizçilər tərəfindən şansların bərabər olduğu düşünülür. Ümumilikdə isə analizlər baxımından seçkinin nəticəsini müəyyən etmək ciddi yanılmalara gətirib çıxarır. Belə ki, keçmiş təcrübələrə baxsaq, ABŞ-da nüfuzlu media və sosioloji sorğu mərkəzlərinin keçirdiyi rəy sorğularını qeyd edə bilərik. 2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət katibi Hillari Klinton rəqibi - Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3-5 fazi qabaqlasa da, gözləntilər əksinə oldu. Bu cür təcrübələr Türkiyədə 2024-cü il martın 31-də yerli özünüidarə orqanlarına seçkilər öncəsi son sorğu nəticələrində də öz əksini tapmışdı. O sorğularda da CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AK Partiya və MHP-nin ortaq namizədi Murat Kurum arasında gərgin mübarizə gedirdi. Lakin nəticələr daha fərqli mənzərəni ortaya qoydu. Ona görə də ABŞ-dakı prezident seçkisinin nəticələrini sorğular yox, əsasən sorğulardan kənarda qalan və qərarsız vətəndaşların səsləri müəyyənləşdirəcək”.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi 5 noyabrda keçiriləcək.