Gürcüstanda naməlum şəxslər parlament binası yaxınlığında növbəti anti-hökumət aksiyasının keçirildiyi Rustaveli prospektini keçərkən, Besiki küçəsində Gürcüstanın müxalif “TV Pirveli” telekanalının çəkiliş qrupuna hücum ediblər.
Sherg.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
Kadrlardan da görünür ki, qara geyimli şəxslər “TV Pirveli”nin jurnalisti Maka Çixladzenin yanına qaçaraq onu yerə yıxıblar, sonra isə operatoru döyməyə başlayıblar. Daha sonra TASS-ın müxbiri Rustaveli prospektində yerləşən Kaşveti məbədi yaxınlığındakı parkda naməlum şəxslərin iki etirazçını da necə döydüyünün şahidi olub.
Hadisəni Gürcüstanın Ombudsmanı Levan İoseliani pisləyib. O, polisi dərhal reaksiya verməyə çağırıb. Bu arada Xüsusi İstintaq Xidməti Gürcüstan Cinayət Məcəlləsinin cərimə ilə cəzalandırılan “Jurnalistlərin peşə fəaliyyətinə qanunsuz mane olma, zorakılıq hədəsi və ya qulluq mövqeyindən istifadə etməklə törədilmə” maddəsi ilə araşdırmaya başlayıb.
Tbilisidə şənbə günü parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilir. Aksiyada vəziyyət sakitdir.