90 gündən sonra Ukraynaya ciddi yardımın göstərilməyəcəyini demək mümkündür
Məlum olduğu kimi ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Danışığın detalları tam açıqlanmasa da, telefon danışığı zamanı Ukraynadakı vəziyyət və münaqişənin həlli yolları müzakirə edilib. Tramp həmçinin, bir daha təkrarlayıb ki, 2022-ci ildə prezident olsaydı, müharibə heç vaxt baş verməzdi: “Mənim Putinlə həmişə yaxşı münasibətim olub. Bayden ölkəmiz üçün biabırçılıq idi. Tam biabırçılıq”. Tramp iddia edib ki, onun müharibəni bitirmək üçün konkret planı var: “Ümid edirəm ki, bu, tez baş verəcək. İnsanlar hər gün ölür. Ukraynadakı bu müharibə çox dəhşətlidir. Mən bu lənətə gəlmiş işə son qoymaq istəyirəm”. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putin və Tramp arasında mümkün danışığın baş tutması ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib. Peskovun şərhinə görə, Vaşinqtonda yeni administrasiyanın fəaliyyəti fonunda müxtəlif kanallar vasitəsilə aparılan çoxsaylı əlaqələr qurulur: “Bu çoxsaylı əlaqələr fonunda şəxsən mən nəyisə bilməyə, məlumatlı olmaya bilərəm. Buna görə də mövcud vəziyyətdə mən nə təsdiq, nə də təkzib edə bilərəm”.
Rusiya-Ukrayna mühabəsinin gedişatı və Trampın sülh cəhdləri ilə bağlı "Sherg.az"a danışan türkiyəli hərbi-siyasi ekspert, təqaüddə olan general Nihayet Ünlü deyib ki, 24 fevral 2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsində Ukrayna başda ABŞ olmaqla Qərbdən aldığı döyüş silahları, hərbi texnikalar, müdafiə sistemləri və maliyyə dəstəyi nəticəsində savaşı davam etdirə bildi. N.Ünlünün sözlərinə görə, ukraynalı əsgərlər qəhrəmancasına döyüşsələr də, Ukrayna bir dövlət olaraq Rusiya ilə təkbaşına, kənardan dəstək olmadan mübarizə apara bilməzdi:
"ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı “Ukraynaya yardımın kəsiləcəyi” ilə bağlı açıqlamalar vermişdi. Tramp vəzifəyə gələn kimi bütün xarici yardımları 90 gün müddətinə dayandırmağı əmr etdi. Bu “dayanma”da Ukraynaya yardımlar da yer aldı. Əgər ABŞ 90 gündən sonra Ukraynaya yardım etməyə başlamasa, Avropa ölkələrinin dəstəyi Ukraynaya kifayət etməyə bilər. Avropada İngiltərə və Fransa Ukrayna müharibəsinin davam etməsinin tərəfdarı kimi görünür. Lakin bu ölkələrin ABŞ-nin verdiyi yardımla eyni səviyyədə yardım göstərməsi mümkün deyil. Əslində, Ukrayna Prezidenti V.Zelenski də açıqlamasında deyib ki, "Rusiya zəiflədiyi zaman işğal olunmuş əraziləri geri alacaqlar". Halbuki, əvvəllər Zelenski “1991-ci il sərhədlərimizə çatana qədər döyüşəcəyik” deyirdi. Bu da 2022-ci il fevralın 24-də başlayan müharibədə işğal edilən ərazilərə əlavə olaraq Krımın da azad edilməsi anlamına gəlirdi. Daha sonra Zelenski “24 fevral 2022-ci il sərhədlərimizə çatana qədər döyüşəcəyik” deməyə başladı. İndi isə deyir ki, ABŞ və Avropa onları tək qoymazsa, birbaşa Rusiya rəhbəri V.Putinlə danışa bilər. Ancaq əvvəllər “dolayı yolla, nümayəndə heyəti ilə Putinlə görüşmək ehtimalından danışırdı. Zelenskinin bütün bu açıqlamaları göstərir ki, Ukrayna cəbhədəki mövcud vəziyyətə əsaslanaraq, Rusiya ilə atəşkəsi qəbul etməyə hazırdır. Yəni hazırda rus əsgərlərinin yerləşdiyi cəbhədəki xətlər müvəqqəti sərhəd olacaq. İndi Krımla birlikdə hazırda Ukrayna ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır. Ancaq Zelenski atəşkəsin ABŞ-nin köməyi olmadan, yalnız Avropa ölkələrinin dəstəyi ilə nəticə verməyəcəyini də yaxşı bilir".
General vurğulayıb ki, Putin 2022-ci ilin sentyabrında keçirilən referendumla Ukraynanın Luqansk, Donetsk, Zaporejye və Xerson (Xerson) "vilayətlərini" ilhaq etdi. Bu, beynəlxalq hüquqa görə heç vaxt qanuni deyildi və hazırda Rusiya işğalı başa çatdırmaq üçün müharibəni davam etdirir:
"Putinin “Ukraynanın heç vaxt NATO-ya üzv olmaması, Ukraynanın “demilitarizasiya” və neonasistlərdən təmizlənməsi” kimi tələbləri də var. Bu tələblərdən “Ukraynanın demilitarizasiyası” tələbini qəbul etmək mümkün deyil. Ukrayna başqa tələbləri qəbul edə bilər. Ukrayna cəbhədə canlı qüvvə ehtiyacını ödəməkdə böyük çətinliklərlə üzləşir. Kifayət qədər əsgər yoxdur. Üstəlik, cəbhədəki əsgərlər də yorğundur. Kursk bölgəsi istisna olmaqla, cəbhənin şərqində, xüsusən Donetsk bölgəsində rus qüvvələri üstündür. Rusiya ordusu gözlənilən "performansı" göstərə, sürətli irəliləyişlər əldə edə bilməsə də, Pakrovsk, Toreks kimi yerlərdə lokal uğurlar əldə edib. Cəbhənin həmin istiqamətində Ukrayna ordusunun vəziyyəti yaxşı deyil. Kənardan kömək gəlməzsə, Ukrayna bu cəbhədə müharibəni uduzacaq".
Türkiyəli ekspert əlavə edib ki, Tramp Ukraynaya Bayden dövründəki qədər yardım etməyəcək:
"İngiltərə və Fransa Ukraynaya yardım etməyə davam etsə də, bunun uzunmüddətli olacağını düşünmürəm. 12 fevralda Almaniyanın Ramsteyn NATO bazasında ABŞ və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Ukraynaya yardım məsələsi müzakirə olunacaq. Zelenski də orada iştirak edəcək. Münhen şəhərində 14-16 fevral tarixlərində Ukrayna-Rusiya müharibəsinin müzakirə olunacağı illik Təhlükəsizlik Toplantısı keçiriləcək. Zelenski ABŞ-yə gedəcək və Tramp ilə görüşəcək. Düşünürəm ki, bu görüşlərdən, danışıqlardan sonra müharibənin gedişi, sonrakı proses tam bəlli olacaq. Amma Tramp bu müharibəni dayandıra bilər. 90 gündən sonra Ukraynaya ciddi yardımın göstərilməyəcəyini demək mümkündür. Çünki Ukraynanın ərazilərini itirməsi Trampı o qədər də maraqlandırmır. Tramp deyir ki, "niyə Amerika xalqının pulunu Ukraynadakı müharibəyə xərcləməlidir?". Tramp həmin pulu Amerika xalqının rifahına xərcləməyi düşünür. Bu kontekstdə, yekun razılaşma olmasa belə, atəşkəsin əldə olunması Rusiya-Ukrayna müharibəsinin Ukraynanın əleyhinə olaraq dayandırılması mümkündür".